satellite   Azerspace-1: 11135 H 30000

Əhməd Cavadın nəticəsi NTV-yə müsahibəsində “Ulu babamın qəbri var” dedi

Əhməd Cavadın nəticəsi NTV-yə müsahibəsində “Ulu babamın qəbri var” dedi

NTV Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ilə müsahibəni təqdim edir.

Əhməd Cavad bir ömrü yalnız özünə yox, xalqına, Vətəninə, Türk dünyasının gələcəyinə həsr etmiş nadir şəxsiyyətlərdəndir. Onun azadlıq və birlik ideyası zamanın sərhədlərini aşaraq bu günümüzə qədər gəlib çatıb. Mənim üçün onun varisi olmaq təkcə qohumluq bağları ilə izah olunan bir məsələ deyil - bu, həm də böyük bir məsuliyyət, tarixi bir yükdür.

Əhməd Cavad Birinci Dünya müharibəsində Türk ordusunun tərkibində Balkan cəbhəsində iştirak edib. O, yalnız qələmi ilə deyil, həm də silahla mübarizə aparan bir vətənpərvər idi. Onun ruhundakı azadlıq sevgisi təkcə şeirlərində yox, bütün həyatında duyulurdu.

Bəlkə də çoxları bilmir, amma Əhməd Cavadla Şükriyyə xanımın tanışlığı Batumda başlayıb. Şükriyyə xanım məşhur Bejanidze soyundandır, Süleyman bəy Bejanidzenin qızıdır. Onların məhəbbəti, bütün maneələrə rəğmən, bu gün də örnək ola biləcək bir həyat hekayəsidir.

Ailə qurmaq istəyəndə, Şükriyyə xanımın atası qəti şəkildə etiraz etmişdi. Deyirmiş: “Qızılbaşa qız vermərəm!” Amma Əhməd Cavad demişdi: “Verməzsən, qaçırdaram!” Beləcə, o, Şükriyyə xanımı Batumdan Şəmkirə gətirdi. Bu münasibət zamanla sınaqlarından keçdi, bir müddət soyuqluq yaşansa da, illər sonra Süleyman bəy Gəncədə Əhməd Cavadla görüşdü və barışdılar.

Mən tez-tez dövlət tədbirlərində iştirak edirəm. Hər dəfə tədbirlərimiz Azərbaycan Respublikasının Dövlət Himni ilə başladıqda, sinəmin üstündə sanki Əhməd Cavadın ruhunu hiss edirəm. Bilinəndə ki, mən onun adını daşıyıram, diqqətlər mənə yönələndə içimdə qəribə bir fəxr və qürur yaranır. Çünki həmin himni yazan şəxs mənim ulu babamdır.

Xalqımızın Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad edildikdən sonra bu himn indi Qarabağda, Şuşada, Laçında, Zəngilanda və bütöv Azərbaycan torpaqlarında səslənir. Bu, yalnız dövlətin deyil, həm də Əhməd Cavad kimi fədakarların qələbəsidir. İnanıram ki, bu gün onun ruhu şaddır.

Bəzi mənbələr yazır ki, Əhməd Cavad 1937-ci ilin oktyabrın 12-dən 13-nə keçən gecə güllələnib. Amma əslində, o, oktyabrın 11-də, ağır işgəncələr nəticəsində həyatını itirib. Həbs ediləndə, Şükriyyə xanıma deyirlər: “Ərindən imtina et, övladlarını götür, ata evinə qayıt!” O isə böyük bir cəsarətlə deyir: “Mənim Cavaddan imtinam, ona güllədən də ağır olar!”

Onun bu sözləri zamanın yaddaşına həkk olundu. Şükriyyə xanım da əri ilə eyni yolu seçdi. Həbs edildi, əvvəl Bayıl həbsxanasında saxlanıldı, sonra Qazaxıstanın Akmol düşərgəsinə göndərildi. Orada “xalq düşmənlərinin yoldaşları” saxlanılırdı. İllərlə ağır şəraitdə yaşadı.

Amma o, ümidini heç vaxt itirmədi. Hətta məktublar yazaraq Cavadın sağ olduğunu düşünürdü. Azərbaycana dönəndə Bakıda yaşamasına icazə verilmədi, buna görə Şəmkirdə övladlarının başına yığılaraq həyatını orada davam etdirdi.

Əhməd Cavadın məzarı yoxdur, deyirlər. Amma mən deyirəm: onun məzarı var! O məzar Türk dünyasının hər yerində - Şimali Kiprdən Çin səddinə qədər uzanır. Onun ruhu bizim birliyimizdə, azadlığımızda, səslənən marşımızda yaşayır. Onun yazdığı himn sədası bu gün yalnız Azərbaycanda yox, bütün Türk dünyasında ucalır.

 

Əhməd Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM