Belçika hökuməti Fransanın “Engie” enerji şirkəti ilə ölkədəki atom elektrik stansiyalarının (AES) dövlətə verilməsi ilə bağlı danışıqlarda razılıq əldə olunmadığı təqdirdə, stansiyaların milliləşdirilməsini nəzərdə tutan qanunvericilik layihəsi hazırlayır.
NTV xarici mediaya istinadla xəbər verir ki, federal hökumətlə “Engie” şirkəti arasında şirkətin ölkədəki nüvə energetikası aktivlərinin dövlət tərəfindən təhvil alınmasına dair aparılan danışıqlarda irəliləyiş əldə olunmayıb.
Belçikanın Baş naziri Bart De Vever danışıqların nəticəsiz qalacağı təqdirdə həyata keçiriləcək tədbirlər üzərində işləyir. Bu çərçivədə atom elektrik stansiyalarının məcburi qaydada dövlət mülkiyyətinə keçirilməsini nəzərdə tutan qanunvericilik mətnləri də hazırlanıb.
Hökumətlə şirkət arasında noyabrın 4-dək razılıq əldə olunmazsa, milliləşdirmə variantının gündəmə gətirilməsi gözlənilir.
Plan çərçivəsində “Engie” şirkətinə ödəniləcək kompensasiyanın hesablanması qaydasını Belçika dövləti öz qiymətləndirməsi əsasında birtərəfli qaydada müəyyən edəcək.
Şirkət bu qərardan məhkəməyə şikayət verə biləcək. Bununla belə, hökumət həmin müddətdə nüvə reaktorlarının istismar müddətinin uzadılmasına dair işləri davam etdirməyi planlaşdırır.
Hökumət nüvə energetikası aktivlərini birbaşa dövlət mülkiyyətinə keçirməklə mövcud reaktorların istismar müddətini uzatmağı və ölkədə yeni nüvə enerjisi istehsalı gücləri yaratmağı hədəfləyir.
Belçikada Niderland sərhədinə yaxın yerləşən “Doel” Atom Elektrik Stansiyasında 4, Almaniya və Lüksemburq sərhədləri yaxınlığındakı “Tihange” AES-də isə 3 reaktor olmaqla, ümumilikdə 7 reaktor mövcuddur. Hazırda həmin reaktorlardan yalnız “Doel 4” və “Tihange 3” fəaliyyət göstərir. Bu iki reaktorun istismar lisenziyası 2035-ci ilədək uzadılıb. Digər 5 reaktor isə 2022-2025-ci illərdə istismardan çıxarılıb.
