NTV Naxçıvanda "BOOKFEST" kitab festivalında iştirak edən Azərbaycanlı məşhur yazar Rövşən Abdullaoğlunun müsahibəsini təqdim edir
İlk dəfədir Naxçıvandayam və etiraf edim ki, bu diyar mənə çox doğma gəldi. Hava limanına enən andan elə bir ab-hava hiss etdim ki, sanki bu torpaq səni özü ilə qucaqlayır, içini bir rahatlıqla, bir hüzurla doldurur. Burada bir cazibə var. Naxçıvanı çox sevdim. Onun havası, mənzərəsi, insanları və tarixlə nəfəs alan küçələri insana dərin düşüncə verir.
Naxçıvan camaatı hər zaman elmə, kitaba, təhsilə və mənəvi dəyərlərə verdiyi önəmlə seçilib. Bu torpaqdan Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini zənginləşdirən böyük şəxsiyyətlər yetişib. Məhz bu səbəbdəndir ki, burada keçirilən BOOKFEST kitab feativalı çox yerinə düşüb və çox qürurverici bir hadisədir.
Bu sərgi, sadəcə kitabların nümayişi deyil həmçinin mədəniyyətin, düşüncənin, maarifin təntənəsidir. Burada iştirak edən hər bir insan, istər müəllif, istər oxucu bu dəyərlərə könül verən bir yolçudur. Mən də Azərbaycan yazıçısı olaraq bu müqəddəs yolun yolçusuyam və kitabın, maarifin yayılması üçün əlimdən gələn dəstəyi göstərməyə hər zaman hazıram.
Keçən il də dəvət almışdım, amma o vaxt Amerikada səfərdə olduğum üçün iştirak edə bilmədim. İçimdə o zaman bir təəssüf hissi qalmışdı, çünki bilirdim ki, Naxçıvanda keçirilən bu tədbirin enerjisi tamamilə fərqli olacaq. Bu il o fürsəti qaçırmadım və çox şadam ki, buradayam.
Əminəm ki, bu mənim Naxçıvana ilk, amma qətiyyən son səfərim deyil. Gələcəkdə də mütəmadi olaraq bu gözəl və ziyalı insanlarla görüşlərə gələcəyəm. Buradakı oxucular, gənclər, müəllimlər hamısı bir dəyər daşıyıcısıdır. Onlarla söhbət etmək, düşüncə mübadiləsi aparmaq mənim üçün həm böyük zövq, həm də məsuliyyətdir.
Pnar Yusifli
Naxçıvan televiziyası