Naxçıvan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Adil Babayev adına Uşaq Kitabxanasında şairə Rahilə Nuriyevanın sayca yeddinci olan yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Yazıçılar Birliyinin sədri, şair-publisist Asim Yadigar müəllifin poetik yaradıcılığına dəyər verərək qeyd edib ki, “Yer üzündə olmaz əvəz Naxçıvan” adlı bu kitabda yer alan şeirlərin böyük əksəriyyəti Vətən sevgisinin, torpaq məhəbbətinin tərənnümünə həsr olunub. Onun sözlərinə görə, oxucunu cəlb edən əsas məqam şairənin həssas mövzulara ürəyindən gələn səmimi hisslərlə yanaşması, poeziyada iç dünyasını dürüstlük və duyğusallıqla ifadə etməsidir.
Mərasimdə çıxış edən alimlər, müəllimlər, yazıçılar və ədəbiyyatsevərlər kitabın məzmununa dair təhlilli fikirlər səsləndirib, bu poetik nümunələrin geniş oxucu kütləsinə çatdırılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qafar Qənbərov, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elxan Yurdoğlu, şairlər Mirkərim Həsrət, Sona Teymurbəyli, Ümbülbəni Musayeva, Dilbər Şahbuzlu, eləcə də müəllimlər və digər iştirakçılar çıxış edərək müəllifə səmimi arzularını çatdırıblar.
Şairənin şeirlərindən ilham alan məktəblilərin bədii qiraəti ilə yekunlaşan tədbir, poeziyanın uşaq qəlblərində yaratdığı təəssüratlarla yadda qalıb.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru
