Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə NTV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Cəlal Miryaqub oğlu Mirağayevin oktyabrın 23-də qəsdən öldürülməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İlkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə ("Ceyhun Sabunçu" ləqəbli) Emin Qoşqar oğlu Rəhimov ("Sabunçu Emin" ləqəbli) arasında borcla bağlı yaranmış mübahisənin həll edilməsi məqsədilə kriminial aləmlə əlaqəli olan digər şəxslərin iştirakı ilə oktyabrın 23-ü saat 00:00 radələrində qeyd olunan restoranda təşkil edilən görüş zamanı tərəflər arasındakı münaqişə fiziki qarşıdurmaya çevrilib və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib.
