Oktyabrın 26-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Kürşad Zorlu ilə görüşüb.
NTV xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq münasibətlərinin və strateji müttəfiqliyin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, qanunvericiliyin yaxınlaşdırılması, üzv dövlətlərin milli maraqlarının qorunması və Türk dünyasının birliyinə xələl gətirməyə çalışan qüvvələrə qarşı birgə fəaliyyətin təşviq edilməsi baxımından mühüm platforma olduğu diqqətə çatdırılıb.
Kürşad Zorlu Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, TÜRKPA-nın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin yüksək qiymətləndirildiyini qeyd edərək, Türkiyənin bundan sonra da Assambleyanın fəaliyyətinə dəstək göstərəcəyini bildirib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən Bişkek şəhərində keçirilmiş TÜRKPA-nın 15-ci Assambleya Şurasının və plenar iclası barədə ətraflı məlumat verib. O Azərbaycan və Türkiyənin iki qüdrətli türk dövləti kimi beynəlxalq arenada oynadığı rola toxunaraq, ortaq milli maraqların uzlaşdırılmasının və Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. TÜRKPA-nın əməkdaşlığın inkişaf etdirilməsinə bundan sonra da töhfə verməyə hazır olduğunu bildirib.
