Oktyabrın 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə işgüzar səfərdə olan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
NTV UZA agentliyinə istinadla xəbər verir ki, görüş əsnasında fəal yüksəksəviyyəli təmaslar və sistemli iş sayəsində Özbəkistan ilə Qətər arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd edilib.
Qeyd olunub ki, iki ölkə arasında yaxın münasibətlər dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verir.
Liderlər ən yüksək səviyyədə əldə edilən razılaşmaların icrası nəzərdən keçiriblər. İqtisadi-ticari, investisiya, sosial və humanitar sahələrdə layihələrin daha da genişləndirilməsi barədə razılığa gəlinib.
Dövlət başçıları, həmçinin qlobal və regional gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.
