Səudiyyə Ərəbistanının Asiyada enerji təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə 2027-ci ilin ikinci yarısından etibarən Sinqapurdakı Jurong qaya mağaralarında xam neft saxlamağı planlaşdırdığı bildirilir.
NTV xarici mediaya istinadla xəbər verir ki, bunu Sinqapurun enerji və sənaye naziri Tan See Lenq deyib.
Nazir bildirib ki, Səudiyyə Ərəbistanı və Sinqapur 2027-ci ilin ikinci yarısından etibarən Səudiyyə Ərəbistanına məxsus xam neftin Jurong qaya mağaralarında saxlanılmasını nəzərdə tutan təşəbbüs həyata keçirməyi planlaşdırır.
Jurong adasının 150 metr dərinliyində yerləşən yeraltı anbar kompleksinin ümumi tutumu 1,47 milyon kubmetrdir.
O, oktyabrın 26-da Səudiyyə Ərəbistanı ilə Sinqapur arasında imzalanan enerji sazişinə də toxunub: “Saziş Səudiyyə Ərəbistanının xam neftinin Sinqapurdakı bir obyektdə saxlanılmasına imkan verəcək”.
Qlobal enerji bazarında təchizat problemlərinə diqqət çəkən nazir Hörmüz boğazının bağlanmasının qlobal enerji axınında fasilələrə səbəb olduğunu bildirib. O, Səudiyyə Ərəbistanına qarşı son hücumlar fonunda vəziyyətin daha da pisləşə biləcəyini qeyd edib.
Nazir qaz təchizatında ciddi fasilələr yaranacağı təqdirdə ölkənin ehtiyatlarından istifadə edə biləcəyini vurğulayıb: “Bütün mümkün fasilələri əvvəlcədən proqnozlaşdıra bilmərik, lakin Sinqapurun belə hallara hazırlıqlı olmasını hər zaman təmin edəcəyik”.
O, ölkəsinin qısamüddətli perspektivdə yeni ənənəvi enerji tərəfdaşlıqları vasitəsilə enerji təhlükəsizliyini gücləndirəcəyini, eyni zamanda, Günəş enerjisi kimi aşağı karbonlu mənbələrdən istifadənin artırılacağını bildirib.
Bundan başqa, Sinqapurun elektrik enerjisi sisteminin genişləndirilməsini nəzərdə tutan beşillik plan oktyabrın 26-da elan edilib. Bu ildən etibarən həyata keçirilməsi nəzərdə tutulan plan çərçivəsində 5 yeni elektrik stansiyasının və 7 yeni transformator yarımstansiyasının tikintisi, eləcə də yeraltı elektrik ötürücü kabellərinin sayının artırılması planlaşdırılır. Enerji tələbatının təxminən 95 faizini təbii qaz hesabına ödəyən Sinqapur bu yanacağın təxminən yarısını ABŞ və Avstraliya kimi ölkələrdən mayeləşdirilmiş təbii qaz (LNG) şəklində idxal edir.
Sinqapur Günəş enerjisi üzrə quraşdırılmış gücünü 2035-ci ilədək 4 giqavat pik göstəricisinə çatdırmağı hədəfləyir.
