satellite   Azerspace-1: 11135 H 30000

Fransalı nazir: Hellouin günü keçiriləcək etirazlar zorakılığa çevrilə bilər

Fransalı nazir: Hellouin günü keçiriləcək etirazlar zorakılığa çevrilə bilər

Fransa hakimiyyəti ötən şənbə günü keçirilən genişmiqyaslı təhlükəsizlik tədbirləri ilə ölkə üzrə etirazların qarşısını almağa nail olsa da, qarşıdan gələn həftəsonu yenidən baş verə biləcək küçə iğtişaşlarına hazırlaşır.

NTV  xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bazar ertəsi deyib.

Prezident Emmanuel Makronun hökumətini artıq bir neçə həftədir çətin vəziyyətdə qoyan etirazlar səngimək bilmir. Doqquz gün əvvəl onlarla şəhərdə zorakılıq hadisələrinin baş verməsi hakimiyyətin küçələrdə nəzarəti itirdiyinə dair narahatlıqları artırıb.

“Reuters” agentliyi yazır ki, iğtişaşların qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyi şənbə günü həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişlərdə təhlükəsizliyi təmin etmək üçün 70 min polis əməkdaşını səfərbər edib. Nümayişçilər yüksək yaşayış xərclərinə və dövlət xidmətlərinin keyfiyyətinin aşağı olmasına etiraz ediblər.

Etirazlar tələbələrin narazılığı ilə başlasa da, sonradan xeyli genişlənərək həmkarlar ittifaqlarını və iqtisadi çətinliklərə, o cümlədən yanacağın bahalaşmasına qarşı kütləvi aksiyaları ilə tanınan “sarı jiletlilər” hərəkatının fəallarını da əhatə edib.

Nazir Nunyes bildirib ki, polis əməkdaşlarının sayının çox olması ayın əvvəlində müşahidə olunan zorakılıq hallarının təkrarlanmasının qarşısını alıb. Lakin BFM TV kanalının oktyabrın 31-nə planlaşdırılan nümayişlər zamanı yenidən iğtişaşların baş verib-verməyəcəyi ilə bağlı sualına o, belə cavab verib: “Şübhəsiz ki, bəli”.

“Hellouin ənənəvi olaraq həmişə bir qədər gərgin keçir. Bu dəfə də vəziyyətin asan olmayacağını gözləyirik”, – deyə o əlavə edib.

Nunyesin sözlərinə görə, keçən şənbə günü ölkə üzrə keçirilən nümayişlər zamanı 1435 nəfər saxlanılıb. O, həmçinin polisin yeni bir tendensiya qeydə aldığını bildirib. Belə ki, bir neçə şəhərdə mütəşəkkil ifrat sağçı qruplar ifrat solçu fəallarla qarşıdurmaya girirlər.

“Reuters” yazır ki, Makronun prezidentlik müddəti apreldə başa çatır və dövlət maliyyəsi ciddi təzyiq altındadır. Bu şəraitdə hazırkı Prezidentin əvvəlki iğtişaş dalğalarını yatırmağa kömək etmiş, lakin böyük maliyyə vəsaiti tələb edən güzəştlərə getmək imkanları məhduddur.

İşgüzar dairələrin nümayəndələri bildiriblər ki, həftəsonu əvvəlki dövrlərlə müqayisədə daha sakit keçsə də, iğtişaşlar iqtisadiyyata ciddi ziyan vurmaqda davam edir.

“CCI France” Ticarət və Sənaye Palataları Şəbəkəsinin rəhbəri Alen Di Kresçenço bildirib ki, oktyabrın 17-də baş verən iğtişaşlardan sonra ehtiyat tədbiri olaraq bir çox pərakəndə satış mağazası fəaliyyətini dayandırıb. Onun sözlərinə görə, satış həcmi təxminən 80 faiz azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM