Almaniyanın Bremerhaven limanında “Mein Schiff 3” adlı kruiz gəmisi iki konteyner gəmisi ilə toqquşub.
NTV yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, ciddi zədələnən kruiz gəmisinin Kanar adalarına planlaşdırılan səfəri ləğv edilib.
Limandan çıxan gəminin güclü külək nəticəsində yanalma körpüsündə dayanan iki konteyner gəmisinə doğru sürükləndiyi bildirilir. Hadisə zamanı gəmidə 2428 sərnişin və 922 ekipaj üzvü olub.
Toqquşma nəticəsində konteyner gəmilərindən birinə yüngül, digərinə isə ciddi ziyan dəyib və bir neçə metr uzunluğunda yarıq yaranıb. “Mein Schiff 3” gəmisinin də ciddi zədələndiyi, xilasedici qayıqların bir qisminin sıradan çıxdığı bildirilir.
Hadisənin səbəbləri araşdırılır. Məlumatlarda “Mein Schiff 3” gəmisinin təmir üçün tərsanəyə göndəriləcəyi qeyd olunub.
