Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində ənənəvi III Kəlağayı Festivalı keçirilib.
NTV xəbər verir ki, festival Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Xətai rayonu üzrə nümayəndəliyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev muzeyi”nin birgə təşkilatçılığı ilə baş tutub.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənəyə çevrilən festivalın əsas məqsədi Azərbaycan xalq tətbiqi sənətinin nadir incilərindən olan milli kəlağayı sənətinin təbliği, qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Bu il festival ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsin şəhər mədəniyyəti və şəhərsalma mühiti ilə vəhdətini nümayiş etdirib.
Festival çərçivəsində qədim kəlağayı nümunələri, milli baş geyimləri və zəngin eksponatlardan ibarət sərgi açılıb. Ziyarətçilər həmçinin sənətkar Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənətə aid əl işləri və rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri ilə tanış olublar. Tədbirdə eyni zamanda Qərbi Azərbaycan guşəsində xalçaçılıq, kəlağayı nümunələri və milli şirniyyatlar nümayiş etdirilib.
“Susmayan həqiqətlər: Deportasiya, soyqırımı, etnik təmizləmə” mövzusunda təşkil olunmuş sərginin tərkib hissəsi olan Qərbi Azərbaycanlıların geyim mədəniyyətini, kəlağayı ənənələrini əks etdirən fotolar, arxiv sənədlərindən ibarət bölməsi Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri , şair-publisist Azadə Novruzova tərəfindən təqdim edilib.
Festival iştirakçıları üçün İsmayıllı və Basqal ustalarının istehsal etdiyi müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı təşkil olunub. Bu, iştirakçılara milli sənət nümunələrini yaxından tanımaq və əldə etmək imkanı yaradıb.
Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılıb, Dövlət himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Ombudsman aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri , şair-publisist Azadə Novruzova, Milli Məclisin deputatları Əli Hüseynli, Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Festivalın bədii hissəsində aşıq sənəti, muğam, xalq musiqisi, poeziya və milli rəqs nümunələri təqdim olunub. Proqramda aşıqlardan Əməkdar mədəniyyət işçisi Zülfiyyə İbadova, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Məhsəti Cabbarova, Rəvanə Lerikli, Xanım Göyçəli, Xəqani Zeynalabdinov, bəstəkar müğənni Arif Mehmandost, Fəridə Mirişova, Leyla Vəlayeva, “Səma” rəqs qrupu, Zəhraxanım Əzimova və Nənə Qızlar folklor ansamblı çıxış ediblər. Bundan əlavə, Xətai rayonu 316 saylı bağçanın uşaqları təqdim etdiyi rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Üçüncü Kəlağayı Festivalının əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin zənginliyinin təbliği və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılması olub. Festival bir daha göstərib ki, kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın tarixi yaddaşını, estetik düşüncəsini və mədəni kimliyini özündə yaşadan dəyərli irs nümunəsidir.
