Şərqi Qazaxıstan vilayətinin Katon-Karagay rayonunda “Altay: Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir.
NTV Şərqi Qazaxıstan vilayətinin akimatına istinadla xəbər verir ki, irimiqyaslı mədəniyyət hadisəsi türk xalqlarının ümumi irsinin, ənənə və dəyərlərinin təbliğinə yönəlib.
Festivalın üçgünlük ədəbi-mədəni proqramı çərçivəsində poetik gecələr, respublika akınlar yarışı və milli atüstü idman oyunları planlaşdırılıb.
Türk dövlətlərinin tanınmış ifaçılarının iştirak edəcəyi möhtəşəm qala-konsertdə Azərbaycan da təmsil olunacaq.
Festivalda Azərbaycan və Qazaxıstanla yanaşı, Türkiyə, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türk dünyasının digər bölgələrindən olan sənətçilər də öz yaradıcılıqlarını tamaşaçılara təqdim edəcəklər.
