İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında rəqəmsal inkişaf və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər iki qurumun nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qurumlar arasında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində görülən işlər, həmçinin bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də peşəkar kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş dövlət siyasətinə, o cümlədən "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Bildirilib ki, cari ilin iyun ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında da Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet vəzifələr geniş müzakirə olunub. Bu baxımdan, dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində institusional əməkdaşlığının gücləndirilməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə qeyd edilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin əməkdaşları üçün mütəmadi olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrini əhatə edən peşəkar kurslar və təlimlərin təşkil edilir. Həyata keçirilən bu tədbirlərin hərbi qulluqçuların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində peşəkarlığının artırılmasına, müasir kibertəhdidlərə qarşı bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.
