Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən təşkil olunan V “Cyber Summer School 2026” kiber yay düşərgəsində təlim proqramının ilk günü uğurla keçirilib.
NTV xəbər verir ki, Mingəçevir şəhərində keçirilən düşərgənin ilk tədris günündə iştirakçılar proqram üzrə formalaşdırılmış “Blue Team” (Azərbaycan dilində tədris) və “Red Team” (ingilis dilində tədris) qruplarında kibertəhlükəsizlik sahəsinin əsas istiqamətlərini əhatə edən nəzəri və praktiki təlimlərə qatılıblar.
Təlimlər çərçivəsində hər iki qrup üçün veb və şəbəkə əsasları, internet texnologiyaları və arxitekturası, eləcə də kibertəhdid kəşfiyyatı və açıq mənbə kəşfiyyatı (OSINT) mövzuları üzrə dərslər keçirilib. Məşğələlər “TEXIO Academy”nin təsisçisi, AKTA-nın təşəbbüsü ilə yaradılmış Kiber Diasporanın nümayəndəsi Elgün Bəxtiyaroğlu və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən aparılıb.
İştirakçılar şəbəkə və veb texnologiyalarının əsasları, internet arxitekturası, kibertəhdidlərin təhlili və açıq mənbələrdən kəşfiyyat məlumatlarının toplanması metodları üzrə həm nəzəri biliklər əldə edib, həm də praktiki tapşırıqlar üzərində çalışıblar. Təlimlərin sonunda gənclərin qazandıqları biliklərin möhkəmləndirilməsi məqsədilə interaktiv viktorina oyunu təşkil olunub.
Qeyd edək ki, iyulun 6-dan 11-dək keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir. Düşərgə çərçivəsində növbəti günlərdə də kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə nəzəri-praktiki təlimlər, komanda tapşırıqları və digər inkişafyönümlü fəaliyyətlər davam etdiriləcək.
