Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimləri Babək Rayon Mərkəzi Xəstəxanasında əhalinin vərəm və digər ağciyər patologiyalarının erkən aşkarlanması məqsədilə flüoroqrafik müayinələr həyata keçiriblər.
Müayinələrə başlamazdan əvvəl Babək Rayon Mərkəzi Xəstəxanasının və rayon üzrə Ailə Sağlamlıq Mərkəzlərinin tibbi personalı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Rəsmiyyə Həşimova və dispanserin həkim-ftiziatrı Məmmədəli Ələkbərov çıxış edərək ilkin səhiyyə xidmətlərinin vərəmin vaxtında aşkarlanmasındakı əhəmiyyətindən bəhs ediblər. Həmçinin vərəm infeksiyasının yayılmasının qarşısının alınması, erkən diaqnostikanın rolu və bu istiqamətdə tibb işçilərinin üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verilib.
Maarifləndirici tədbirdən sonra planlaşdırılmış flüoroqrafik müayinələr aparılıb, ehtiyac olduqda rentgenoqrafik görüntüləmələr icra olunub. Müayinələrin nəticələrinə uyğun olaraq müvafiq tibbi tövsiyələr verilib və aşkar edilən hallarla bağlı müalicə-profilaktik tədbirlərin görülməsi üçün zəruri istiqamətləndirmələr həyata keçirilib.
Bu cür müayinələr vərəmin erkən mərhələdə aşkarlanması və əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
