ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

Prezident İlham Əliyevin müstəqil siyasəti və Azərbaycanın sürətli inkişafı Qərbdə ciddi narahatlıq yaradır

"Güclü iqtisadiyyat, qüdrətli ordu, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Bu reallıqları isə bizə Müzəffər Prezident İlham Əliyev bəxş etdi. Ölkəmizin rəhbəri xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı". 

Bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, ötən qısa tarix Prezident İlham Əliyevin qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi lider olduğunu dəfələrlə sübut edib. 

 

Arzu Abdullayev vurğulayıb ki, düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz tarixinə, tarixi və beynəlxalq hüquqla təsbitlənmiş torpaqlarına uzanmış yad əlləri kəsdi. Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı və bütün bunların sayəsində bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi. Bu gün Azərbaycan regional siyasi şərtləri öz xeyrinə dəyişməyi bacarmış nadir dövlətlərdən biridir. Cənubi Qafqazın siyasət masasında həlledici tərəf Azərbaycandır.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini hesab edir ki, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, möhtəşəm beynəlxalq tədbirlərə evsahibliyi etməsi, mövcud qlobal problemlərin həlli məqsədilə yeni-yeni ideya və təşəbbüslərlə çıxış etməsi, ölkəmizin belə problemlərin həll edildiyi məkana çevrilməsini heç şübhəsiz ki, ABŞ və Qərbi Avropanın bəzi dövlətləri həzm edə bilmirlər: "Bu bir reallıqdır ki, Qərbin Azərbaycanda 5-ci kolonu sıradan çıxıb və onlar yeni simalar axtarışındadır, müxtəlif vasitələrlə ara qarışdırmaq üçün fürsətlər axtarırlar. İstəklərinə nail olmaq üçün hətta Ermənistanı silahlandıraraq müharibəyə hazırlamaqdan belə çəkinmirlər. Ölkəmiz əleyhinə yönələn kampaniyalar, ABŞ-nin və bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı həyata keçirdiyi dezinformasiya siyasəti göstərir ki, xüsusilə COP29 ərəfəsində ölkəmizin artan nüfuzunu həzm etməyən dairələr aranı qarışdırmaq üçün yeni üsullar axtarırlar". 

 

Onların təxribatçı üsullarından birinin də Amerika Konqresinin 60 ermənipərəst konqresmeninin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciəti olduğunu söyləyən Arzu Abdullayev qeyd edib ki, bu, həm də anti-Azərbaycan qüvvələri ortaya çıxaran məqamdır. ABŞ-nin bu şəkildə davranışı şübhəsiz ki, Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli münasibətlərə böyük zərbədir. ABŞ-nin onsuz da 30 illik vasitəçilik missiyası dövründə sülhə maraqlı olmadığının, münaqişədən öz maraqlarını təmin etmək üçün istifadə etdiyinin dəfələrlə şahidinə çevrilmişik. Uzun illər ərzində biz ABŞ-nin təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı çağırışını heç vaxt görməmişik. Bundan əlavə, ABŞ separatçı rejimi dəstəkləyən tərəf olaraq sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-yə səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən ölkə olduğunu gördük.

 

ABŞ-nin ölkəmizə qarşı bir neçə dəfə mənfur hərəkətlər etdiyini xatırladan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini Arzu Abdullayev bildirib ki, 1992-ci ildə qəbul edilmiş "907-ci düzəliş" Azərbaycan üçün sanksiya demək idi: "Bu gün ABŞ-nin özündə də siyasətlə məşğul olanların hamısı bunun ədalətsiz düzəliş olduğunu yaxşı bilir. Nəzərə alsaq ki, həmin dövr müstəqilliyin yenicə qazanıldığı vaxtlara təsadüf edirdi, yardım da məhz həyati əhəmiyyət kəsb edirdi. Ancaq ABŞ 2001-ci ildə baş verən məlum hadisəyə qədər öz məkrli maraqlarını güdürdü. 2001-ci ildə "Əkiz qüllələr"dəki məlum terror aktının törədilməsindən sonra Vaşinqton qlobal miqyasda terrorla mübarizə siyasətinə start verdi. İraq, Əfqanıstan kimi ölkələrdə quru əməliyyatı həyata keçirən ABŞ Azərbaycanın coğrafi mövqeyindən yararlanmağa, logistik imkanlardan istifadə etməyə ehtiyac duymağa başladı. Nəticədə praqmatik siyasi kurs erməni diasporunun tələblərini üstələdi və Vaşinqton öz maraqları naminə erməniləri yaddan çıxardı".

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılış tədbirində bu tarixi məqamla bağlı vurğuladığı - "Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi" - fikirləri xatırladan Arzu Abdullayev Azərbaycana qarşı növbəti ədalətsizlik olan "Cekson-Venik düzəlişi" barədə danışıb. O qeyd edib ki, Azərbaycanın bu düzəlişlə, ümumiyyətlə, əlaqəsi olmayıb. Bu, sovetlər dönəmində yəhudilərlə bağlı kampaniyaya qarşı çıxan ABŞ Konqresinin SSRİ-yə tətbiq etdiyi qərardır. Mərhələ-mərhələ bəzi ölkələr bu düzəlişdən azad edilsə də, məqsədli şəkildə Azərbaycan saxlanıldı. Buradan haqlı olaraq belə bir sual yaranır, nəyə görə 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, vandalizm və terror hərəkətlərindən əl çəkməyən Ermənistan, daha sonra Gürcüstan, Ukrayna və sair dövlətlər azad edilir, ancaq Cənubi Qafqazda sülhü və sabitliyi təmin etməyə çalışan, bölgədə davamlı inkişafı hədəfləyən Azərbaycana şamil edilmir? Bizim üçün məsələ aydındır. 

 

"Digər tərəfdən, "Minilliyin çağırışları" adlı bir proqramı götürək. Azərbaycan bu proqramdan kənarda qaldı, amma Ermənistan bu proqrama daxil edildi. Ermənistan bununla bağlı milyonlarla yardım aldı", - deyən Arzu Abdullayev vurğulayır ki, ötən il ABŞ Senatının qəbul etdiyi və Azərbaycana hərbi yardımları qadağan edən "2023-cü il Ermənistan Müdafiə Aktı", əslində, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılmasından imtinanı və Azərbaycana hərbi yardımı qadağan etməyi nəzərdə tuturdu. Bu, növbəti məkrli qərar və Azərbaycana qarşı ayrı-seçkiliyin bariz nümunəsi idi. Amma bunlara baxmayaraq, bütün dövrlərdə Azərbaycan terrorizmə qarşı mübarizə, enerji sahəsində geniş əməkdaşlıq, siyasi islahatların aparılması, narkotiklərə qarşı mübarizə, eyni zamanda NATO çərçivəsində dünyanın müxtəlif bölgələrində - Kosovo, İraq, Əfqanıstanda sülhyaratma əməliyyatlarına xüsusi töhfə verdi. 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini Arzu Abdullayev qeyd edib ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasını özü üçün indi əsas vəzifə hesab edən ABŞ Ermənistandan sonra Azərbaycanı da özünə tabe etmək xülyasına düşüb: "Ona görə də bütün imkanları ilə ölkəmizə təzyiq göstərməyə çalışır. Münaqişə tərəflərindən biri olan Ermənistana təhlükəsizlik, ordusunun möhkəmləndirilməsinə yardım vədləri verən ABŞ digər tərəfdən Azərbaycanı növbəti sanksiyalarla hədələməyə çalışır. Bu fakt isə ABŞ-nin hansı niyyətə xidmət etdiyini bir daha üzə çıxardır. Əgər ABŞ həqiqətən də sülh danışıqlarında irəliləyiş istəyirsə, onda Azərbaycana yox, Ermənistana təzyiq etməlidir. Çünki, regionda sülh təşəbbüsü ilə çıxış edən ölkə Ermənistan yox, Azərbaycandır. Deməli, Qərb öz məkrli maraqlarının hayındadır. Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi və Azərbaycanın sürətli inkişafı ABŞ-nin yeni məkrli təxribatlarının əsas səbəbidir. ABŞ-ni, eləcə də Qərbi Avropanın məlum dairələrini ciddi şəkildə narahat edən, böyük narazılıq yaradan bu reallıq nəticədə Azərbaycana qarşı böhtan kampaniyasının genişlənməsinə səbəb olur. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, Azərbaycana heç kim təsir edə bilməz və dövlətimiz tutduğu haqq yolundan dönən deyil. Ermənistan da anlamalıdır ki, Qərbin məqsədi birmənalı olaraq erməni xalqının firavanlığı üçün deyil, öz məqsədləri naminə Cənubi Qafqazda möhkəmlənmək və mənfur siyasətlərini həyata keçirməkdir". 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM