Səfir: BRICS ilə əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycanın fundamental milli maraqlarına uyğundur

Səfir: BRICS ilə əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycanın fundamental milli maraqlarına uyğundur

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev oktyabrın 22-də Kazanda başlayan BRICS sammiti ərəfəsində “Tatarstan-24” nəşrinə müsahibə verib.

NUHÇIXAN xəbər verir ki, diplomat BRICS ilə əməkdaşlığın gücləndirilməsinə marağın Azərbaycanın fundamental milli maraqlarına cavab verdiyini, həmçinin rəsmi Bakının ədalətli dünya nizamının formalaşması və bütün dövlətlər üçün bərabər inkişaf imkanlarının yaradılması istiqamətində apardığı ardıcıl kursa üzvi şəkildə uyğun olduğunu vurğulayıb.

Səfir qeyd edib: “Bir tərəfdən, Azərbaycan BMT-nin nüfuzunun, beynəlxalq münasibətlərdə mərkəzi əlaqələndirici rol oynamalı olan universal təşkilat kimi rolunun və effektivliyinin artırılmasının tərəfdarıdır, digər tərəfdən isə çoxqütblü dünya ideologiyasını, ikili standartlardan azad və ayırıcı xətlərin yaradılmasını istisna edən dünya nizamının formalaşmasını dəstəkləyir”.

Diplomatın sözlərinə görə, Azərbaycanın siyasəti BRICS-in ideologiyasına, habelə çoxqütblülük prinsiplərinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrin dünya siyasətində və iqtisadiyyatında rolunun artırılması praktikasına ahəngdar şəkildə uyğun gəlir.

R. Mustafayev əlavə edib: “Bakının BRICS ilə əməkdaşlığın intensivləşməsində maraqlı olması onun dünya siyasətinə və beynəlxalq münasibətlər məsələlərinə balanslaşdırılmış yanaşma strategiyasının məntiqi davamıdır. Bu, xüsusilə beynəlxalq münasibətlərin indiki mərhələsində, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı qeyd etdiyi kimi, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının demək olar ki, tamamilə məhv edildiyi bir vaxtda daha aktualdır”.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyət prinsipləri əsasında qurulub və yüksəksəviyyəli səfərlər və danışıqlar, hökumət və parlament səviyyələrində dialoq, ikitərəfli əməkdaşlığın ən geniş spektri üzrə fəal qarşılıqlı fəaliyyət ilə səciyyələnir. R.Mustafayev Azərbaycanın Rusiya Federasiyasının subyektləri, o cümlədən Tatarıstan ilə çoxşaxəli əməkdaşlığını xüsusi qeyd edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM