Azərbaycana xoş gəlmisiniz! Bu sözləri Qalib ölkənin lideri cənab İlham Əliyev Azərbaycanın ev sahibliyi etdiyi COP29-da səsləndirdi. Bu günə qədər ən mötəbər tədbirlərə ev sahibliyi edən ölkəmiz COP29-a da uğurla ev sahibliyi edir. Dünyada COP-a dəstək verib COP tədbirində iştirak etməyənlərin əsl üzü bilindi bu tədbirdə. Bura naz və yaxud cilvə yeri deyil. Bura ədabazlıq və hoqqabazlıq yeri də deyil. Bura həqiqət, ədalət və yaşıl dünya naminə həmrəylik mərkəzidir.
Biz nə etmişik ki? Dədə-baba torpaqlarımızı işğal altında saxlayanlara, meşələrimizi qıranlara, çaylarımızı çirkləndirənlərə, yaşıllıqlarımıza od vuranlara, torpağımıza toxum əvəzinə mina basdıranlara, uşaq qatillərinə, ekoloji tarazlığı pozanlara həddini bildirmişik. Təkcə iqlim dəyişikliklərinə yox, həm də mənəvi iqlim dəyişikliklərinə ziyan vuranların atasını yandırmışıq. Görünür, “atalar”ı da bu yanıqdan bərk əziyyət çəkir. Biz bu həddini bildirməliklə Ermənistan xiffətini çəkənlərin də aşını-bozbaşını soyuq etmişik, deyəsən. Hər kəs bilir ki, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha doğrusu, BMT işlərinə yarayınca BMT-dir. BMT-nin əsas tədbirlərindən biri isə COP-dur. Yəni dünyada baş verən iqlim dəyişikliklərinə yollar axtarır, müzakirələr aparır. Amma bu tədbir Bakıda keçiriləndə işin rəngi dəyişir.
Görəsən, biz Makron, Bayden, Şolts, Ursula Fon der Lyayen və bir çox “Prus” və “Qruus”ların ürəyindən keçənləri etsəydik onların paytaxt Bakıya “uça-uça” gəlişinə zəmin yaradardımı? Bəlkə də, əldəqalan, yalıçatan, səfil və rəzil həyat tərzi sürən ölkələr kimi onların naz və cilvəsi ilə oynasaydıq, onlar da oynaya-oynaya gələrdi. Amma onlar unutmadılar ki, bura Azərbaycandır. Odlar ölkəsidir. Odla oynayanlar ölkəsi yox. Odla oynayanlar 2020-ci ildə dünyaya “mədəniyyət” nümayiş etdirib müstəmləkəçilik siyasəti yürüdən Fransa prezidenti Makronun, supergücün qoruyucusu olan ABŞ prezidenti Baydenin, faşizm və nasizimi dünyanın boğazına dolayıb özü imtina edən Almaniyanın federal kansleri Olaf Şoltsun, Avropa Komissiyasının Almaniyadan olan prezidenti xanım Ursula Fon der Lyayenin və bu qəbildən olanlarının qucağına düşdülər. O “qucaq” da bir gün isti olur, bir gün soyuq. Nə etmək olar…
Bütün dünya şahiddir ki, Azərbaycan Qoşulmama Hərəkatına, Sivilizasiyalar və Mədəniyyətlərarası Dialoq Forumuna, I Avropa Oyunlarına, IV İslam Həmrəylik Oyunlarına, Türk Dövlət Başçılarının Zirvə Görüşünə və daha onlarca belə mötəbər tədbirlərə alnıaçıq, üzüağ ev sahibliyi edib. Buna görə də biz onların nə üçün gəlmədiyini yaxşı bilir və qınamırıq. Qoy özləri bu suala dilləri dolaşmadan cavab versinlər. Dünya əhalisinin 11 faizi Avropada, 14 faizi Amerikada, 15 faizi Afrikada, 60 faizi isə Asiyada məskunlaşıb. Bu da sırf COP mövzusudur ki, iqlim dəyişməsi ekologiya korlanması ilə birbaşa bağlıdır.
“New England Journal of Medicine”ə istinadən demək olar ki, bu gün dünya əhalisinin 23 faiz evsizlikdən, 25 faiz qidalanmadan və 13 faiz içməli su çatışmazlığından əziyyət çəkir. Bununla belə 26 faiz insan 15 yaşına çatmamış dünyasını dəyişir, uzunömürlülük sürətlə aşağı düşür. Çatışmazlıq nədirsə onun üçün qollar çırmalanmalı, çözümlər tapılmalıdır. Ədalətli olmaq, səmimiyyət göstərmək, mehriban yaşamaq əvəzinə yaşıl dünyamıza ziyan vurmaq lazım deyil. Tarixboyu müharibələr planetimizin fauna və florasına ciddi zərbə vurub, mənfi təsir göstərib. Qoy onlar mənfur niyyətlərində qalsın. Cavid Əfəndi demişkən: bizim Tanrımız gözəllikdir, sevgidir. Qoy onlar Azərbaycanın ev sahibliyi etdiyi COP29-a gəlməsin. Onsuz gələnlər gəlməyənlərdən dəfələrlə çoxdur. 196 ölkəni təmsil edən 72 min iştirakçı və 80 ölkə rəhbəri bu tədbirdə iştirak edir. Və COP tədbirlərində davamlı iştirak edən xarici qonaqlar bir daha şahidlik edirlər ki, Azərbaycanda keçirilən builki COP29 tədbiri bənzərsiz və möhtəşəmdir. Bu da bizə onu deməyə əsas verir ki, qalib ölkə ilə diktəylə danışmazlar!
Qoy həmişə Günəş olsun!
Fariz ƏHMƏDOV
Naxçıvan Televiziyasının baş redaktoru