Otuz ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı 4 ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur.
NUHÇIXAN xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin “Armenpress” xəbər agentliyində Ermənistanın baş nazirinin kommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerli medianın sualına cavabında yer alıb.
Mətbuat katibi bildirib ki, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyədək yerinə yetirməyib. Ümumilikdə Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır.
Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.