Siyasi oyunlar, gizli sövdələşmələr: Putin vaxt qazanır, Tramp tərəf dəyişir

Siyasi oyunlar, gizli sövdələşmələr: Putin vaxt qazanır, Tramp tərəf dəyişir

Son zamanlar dünyada qlobal gərginliyin artması, siyasi çaxnaşmalar, tez-tez tərəf dəyişmələr, təhdidlər, manevrlər, manipulyasiyalar, gizli sövdələşmələr yaşamı daha da çətinləşdirir. Kim tətiyi çəkir, kim mərmini doldurur bilinmir. Tarix sanki təkrarlanır. Dünya sanki lidersizlikdən əziyyət çəkir... Sözü ilə imzası bir olmayan. Uzun yola çıxan ölkələr tez-tez U dönüşü edərək yön dəyişir. Bir-birlərinin ərazisini zəbt etmək, günahsız insanları öldürmək, yurd-yuvalarından didərgin salmaq dəb halını alıb. Ən pisi isə odur ki, bu ərazilər uğrunda o insanların heç birinin fikri nəzərə alınmır.

Görünən odur ki, dünya düzəni sarsılır, həmrəylik süstləşir, sabit görünən alyanslar sınaqlarla imtahan olunur, iqtisadi, siyasi və müdafiə sahələrində ABŞ və Avropa münasibətlərində pərdəarxası gərginlik müşahidə olunur.

Fransa və Almaniya kimi müstəqil xarici siyasət yürütməyə çalışan güclü ölkələrlə ABŞ və Rusiya arasında  ziddiyyətlər daha da dərinləşir. Bu xüsusda Fransa-Rusiya münasibətlərində isə soyuq müharibənin soyuq küləkləri əsməkdə davam edir. Rusiya-Ukrayna savaşı, Qərbin tədbiq etdiyi sanksiyalar artıq Moskva-Paris arasında körpüləri çoxdan yandırıb. Bu körpülər arasında Qərbin Afrikada qurduğu körpülərdə yanmaqda davam edir.

Digər tərəfdən, Rusiya-Ukrayna savaşında Rusiya Qərbin yorulacağını hesab edərək uzunmüddətli strategiya yürüdür. Beləliklə ABŞ-da Prezident seçkilərində Trampın qalib gəlməsi və yeni istiqamətin təyin edilməsi müharibənin siyasi nəticələrini çılpaqlığı ilə ortaya qoyur.

Dünya həqiqətən lidersizlik böhranı yaşayır. İndiki şəraitdə qlobal sabitlik üçün vahid baxış, düzgün siyasət, həmrəylik və dostluq  nümayiş etdirmək tələb olunur. Tarix sübut edir ki, belə dönəmlər adətən yeni güc mərkəzlərinin meydana gəlməsi ilə nəticələnir. İndi isə əsas sual budur: Mövcud nizam pozulacaqsa Rusiyanın təhdidi, Fransanın təlaşı işə yarayacaqmı?

Yeni dünya nizamı yoxsa nizamsızlıq? Toqquşan maraqlar, rus təhdidi, Fransanın təlaşı

NUHÇIXAN-a müsahibəsində Naxçıvan MR Ali Məclisinin deputatı, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Tramp öncəsi kollektiv Qərb-Rusiya münasibətləri, Ukraynanın işğalı ilə əlaqədar kollektiv Qərbin anti-Rusiya siyasət yeritməsi və ona qarşı tətbiq olunan sanksiyalar, Ukraynanın dəstəklənməsi, Trampın prezident seçilməsindən sonra ABŞ siyasətinin kəskin U dönüşü etməsi, ABŞ-Ukrayna danışıqları və münasibətlərin kəskinləşməsi, ABŞ-Rusiya münasibətlərinin bundan sonra necə olacağı, Avropanın mövcud vəziyyəti, Avropa ilə ABŞ arasında yaşanan gərginliklər, yaradılan və dağılan ittifaqlar və başqa bu kimi məsələlər son günlərdə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, dəyirmi masalarda, elmi dairələrdə, beynəlxalq arenada daha çox müzakirə olunan mövzulara çevrilib. Ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələri, politoloqları, analitikləri və elm adamlarının məsələyə yanaşmaları, böyük güclərin bir-birilərinə qarşı açıq-aşkar təhdid yağdırmaları məsələnin son dərəcə ciddi olduğundan xəbər verir. Lakin bunu da xüsusilə qeyd etmək lazım gəlir ki, bəzən bu maneələr böyük güclər tərəfindən bir-birlərinə qarşı siyasi, iqtisadi, hərbi vasitə kimi planlı şəkildə yaradılaraq geosiyasi səhnəyə çıxarılır.

Günümüzdə böyük güclər arasında dünyanın strateji baxımdan əhəmiyyət daşıyan bölgələrinə nəzarət uğrunda rəqabət və “nüfuz savaşı” gedir. Bu mübarizədə uğrunda rəqabət aparılan bölgələrin rəyi belə nəzərə alınmır. Belə vəziyyətdə milli dövlətlərin gücü və suverenliyi, beynəlxalq münasibətlər sistemindəki yeri getdikcə zəifləyir ki, nəticədə ölkələr xaosa sürüklənir. Bu baxımdan tarixin təkrar olunduğu, yəni geosiyasi maraqların toqquşduğu bu dövrdə sülh, beynəlxalq  hüquq və ədalət haqqında  nikbin  fikir söyləmək qeyri-mümkündür.

Ümumiyyətlə hər kəsi düşündürən belə bir sual var: müharibələr niyə baş verir? Cavab son dərəcə sadədir: ədalətin bitdiyi yerdə müharibələr baş verir. Ədaləti tənzimləyən sistem nədir? – beynəlxalq hüquq. İşə yarayıbmı? – Xeyr! Beynəlxalq hüquq dünyanın aparıcı dövlətləri üçün həmişə arxa planda olub. Böyük güclər üçün sadəcə geosiyasi maraqlar var.

Nizam, yoxsa nizamsızlıq?!

Beynəlxalq siyasətdəki hansısa davranış və ya hərəkət super güclərin xeyrinə və ya zərərinədirsə, onun beynəlxalq hüquqa uyğun olub-olmaması arxa plana keçir. Yəni böyük güclər “istisna faktor”u rolunu oynayır. Bu, böyük güclərin “Dünya Nizamı”dır. Nizam, yoxsa nizamsızlıq?! Amerikanın məşhur diplomat və siyasi xadimlərindən mərhum Henri Kissincerin təbirincə desək, heç vaxt Dünya Nizamı olmayıb.

Amerikalı strateq Paraq Xanna haqlı olaraq qeyd edir ki, Dünya Nizamı özünü qloballaşma, demokratiya, insan hüquqları və başqa adlar altında gizlətsə də, geosiyasətlər həmişə qarşı-qarşıya gəlib və toqquşub. Bu baxımdan sülh haqqında müsbət mənada düşünmək və o fikrə qapılmaq nədənsə məntiqə uymur. Bilirik ki, müharibələrdə sülh olmaz, uzlaşma olar. Digər tərəfdən, strategiyada sülh anlayış yoxdur. Bu anlayışa ədəbiyyatlarda daha çox rast gəlinir. Sülh anlayışı hərbi terminologiyada müharibəyə hazırlıq dövrüdür. Sülh anlayışı beynəlxalq arenada masaya əyləşən zaman uzlaşılan sazişin adıdır. Beləliklə, müharibəni başladan və sülhü təmin edən millətlər deyil, dövlətlərdir.

Günümüzdə beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, insan hüquqlarına hörmətlə yanaşılan bir qrum kimi BMT fəaliyyət göstərsə də, Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər istənilən ölkəyə bu təşkilatın icazəsi olmadan istədiyi miqdarda hərbi qüvvə göndərə və orada müharibəni körükləyə bilər. Bu da təbii ki, beynəlxalq hüquqa və liberal dəyərlərə uyğun gəlməyərək insan haqlarının və dövlətlərin ərazi bütövlüyünün kobud surətdə pozulmasına gətirib çıxarır. Buna görə də bir çox ölkələrdə ajitasiyaların, oyunların, iğtişaşların və müharibələrin sonu görünmür.

Qlobal miqyasda baş verən hadisələrin təhlili onu deməyə əsas verir ki, dövlətlərin ərazi bütövlüyünün pozulması, təzyiqlər, müdaxilələr, xaos, geosiyasi rəqabət, güc nümayişi ilə “sülh ideyası” carçısı olmaq arasında böyük paradoks vardır. Hal-hazırda yüksək tonla “dünyada sülh və əmin-amanlığın təmini”, “regionlarda sabitliyin yaranmasına xidmət” kimi səslənən şüarların arxasında şübhəsiz ki, müəyyən məqsədlər durur. Çox maraqlıdır ki, dünyanın bütün böyük dövlətlərinin şüarlarında həmin prinsiplər səslənir. Gündəmə gətirilən şüarlar əlbəttə ki, real məqsədləri ört-basdır etmək üçündür.

“Downing street 10” hələ son sözü deməyib!

Rusiyanın geosiyasi prioritetləri analiz edildiyində çox önəmli məqamlar ortaya çıxır: BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiya ona qarşı çıxan və meydan oxuyan dövlətlərin ərazi bütövlüyünü pozur və ya təhdid edir. Artıq Avropada Putinin rus imperializmini yenidən canlandırdığına dair ciddi şəkildə fikirlər səsləndirilir, Rusiyanın təhdidə çevrildiyi qeyd olunur. Xüsusilə Fransanın bu məsələdə aktivlik nümayiş etdirdiyi vurğulanmalıdır. Təsadüfi deyil ki, martın 5-də prezident Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa Birliyini müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çalışıb. Rusiya prezidenti Vladimir Putin isə fransalı həmkarına sərt cavab verərək, Makronun timsalında hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin  olduğunu və bunun ağır nəticələrini unutmalarının vacibliyini bildirib.

Təbii ki, bunun müəyyən səbəbləri var. Vaxtilə Napoleonun Rusiyadan böyük itkilər hesabına geri qayıtması, bununla yanaşı, İkinci Dünya müharibəsi dövründə Hitler Almaniyasının cəmi bir həftə ərzində Fransa üzərində qələbə qazanması fransızların şüuraltında psixoloji vahimə yaradıb. Bu baxımdan fransızlarda rusofobiyanın olduğunu qeyd etmək yerinə düşər.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Avropa təhlükəsizliyi üçün Fransanın nüvə potensialından istifadə planını Rusiyaya qarşı təhdid kimi qiymətləndirib. Makron fikirlərində və təlaşında haqlıdırmı? Sözün həqiqi mənasında Fransa güc itirib, müstəmləkələrində mövqeyi zəifləyib. Bəs, Qoca qitə – Avropanın taleyi necə olacaq? Onun taleyi özündən asılı olacaq, yoxsa kənar dövlətlərdən? Rusiya necə? Avropa üçün bir təhdiddirmi? Bu da sual olaraq qalır, amma onun da tükəndiyi istisna olunmamalıdır. Qənaətimizcə, bu kimi qarşıdurmalar fonunda unutmamalı olduğumuz bir xüsus var: “Downing street 10” hələ son sözü deməyib!

Putinin Makron haqqında son açıqlamaları və realizm prizmasından dünya nizamı böhranı

Naxçıvan Dövlət Universiteti Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Bayram Əliyev vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları şəxsi intriqadan və iki ölkə arasında konfliktdən daha çox beynəlxalq münasibətlərin sistemik çərçivəsi içində güc transformasiyasının və güc rəqabətinin göstəricisi idi. Eyni zamanda, Putin ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı vasitəçiliyini xüsusi qeyd edərək, Makronun Avropa sülh təkliflərini arxa plana keçirməyə çalışır. Bu, Rusiya liderinin Qərbə, xüsusilə də Avropaya qarşı üstünlük vurğusunun, Amerikasız Avropanı ciddiyə almadığının da göstəricisidir. Bu qarşıdurma iki lider arasındakı şəxsi gərginlikdən daha çox, dünya nizamında dərinləşən böhranı əks etdirir.

Beynəlxalq münasibətlərin nəzəri çərçivəsindən bu hadisələr beynəlxalq sistemin anarxik təbiətini və güc mübarizəsini vurğulayır. Hans Morqentau və ya Con Merşaymer kimi nəzəriyyəçilər dünya nizamını mərkəzi hakimiyyətin olmaması ilə izah edirlər—dövlətlər öz maraqlarını və təhlükəsizliyini təmin etmək üçün rəqabət aparırlar. Rusiya-Ukrayna müharibəsi və Putinin Qərblə qarşıdurması bu prinsipi təsdiqləyir. Putin üçün Ukrayna, Rusiyanın geosiyasi bufer zonasıdır və NATO-nun genişlənməsi birbaşa təhlükə kimi qəbul edilir. Makronun nüvə çətiri təklifi və Avropa birliyi çağırışı isə Fransanın öz gücünü və təsirini artırmaq cəhdidir. Bu xüsusən Trampın ABŞ-ın Avropaya dəstəyini zəiflətməsi fonunda mühüm əhəmiyyət kəsb edir.

Dünya nizamı hazırda böhran içindədir, çünki birqütblü hegemonluq (ABŞ-ın liderliyi) çoxqütblü beynəlxalq sistemə transformasiya olur. Rusiya və Çin kimi dövlətlər öz regional hökmranlıqlarını gücləndirir, Qərb isə parçalanma ilə üzləşir. Beynəlxalq münasibətlərin aparıcı nəzəriyyələrinə görə bu keçid stabillikdən çox münaqişə doğurur, çünki sistemin hegemonu gücsüzləşəndə beynəlxalq münasibətlərin digər aktorları bu boşluğu doldurmağa çalışır. Putinin Trampa yönəlməsi və Makronu kənara atması, ABŞ-ın hələ də əsas güc kimi qaldığını, lakin Avropanın özünü təsdiq etməkdə çətinlik çəkdiyini göstərir.

Bu böhran güc balansının yenidən formalaşması ilə nəticələnə bilər. Rusiya öz “yaxın çevrəsini” saxlamağa çalışır, Makron isə Avropanı birləşdirməyə cəhd edir. Beynəlxalq münasibətlərin nəzəri kontekstində yaxın gələcəkdə əməkdaşlıqdan çox rəqabət üstünlük təşkil edəcək. Çünki XXI-ci əsrdə hələ də XIX-cu əsrin sistemik xüsusiyyətləri özünü qoruyur və dövlətlər bir-birinə etibar etmir. Bu mənada bu dövlətlərin hər biri öz gücünü maksimallaşdırmağı və təhlükəsizlik məsələsini prioritetləşdirir. Nəticə olaraq isə iki regional güc hesab edilən dövlətlərin prezidentləri Putin və Makronun bir-birinə qarşı sözləri sadəcə şəxsi tənqid deyil, dünya nizamında dəyişən güc dinamikasının əksidir.

Fariz Əhmədov

Naxçıvan Televiziyasının baş redaktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM