İslamabad şəhərində “Azərbaycan-Pakistan qardaşlığı: Zəfər Gününün 5-ci ildönümü qeyd olunur” mövzusunda konfrans keçirilib.
NTV xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi və bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutunun təşkilatçılığı ilə Pakistan Milli Kitabxanasında keçirilən tədbirdə diplomatlar, bu ölkənin müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətləri, alimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Pakistanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsinin tarixindən və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatlarından danışıb, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini vurğulayıb. Eyni zamanda, hazırda həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də “Böyük Qayıdış” Proqramı barədə geniş məlumat verilib.
Çıxışlarda, həmçinin istər işğal dövründə, istərsə də işğaldan sonra Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyi bildirilib, bu mövqenin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu xüsusi vurğulanıb.
