“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovla Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.
MEDİA-dan NTV-yə verilən məlumata görə, görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilir.
Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə Türk dövlətləri arasında əlaqəli, institusional və davamlı əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə–Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından səmərəli mexanizm olduğu xüsusi vurğulanıb.
Eyni zamanda, qeyd edilib ki, informasiya axınlarının intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqi mühüm əhəmiyyət daşıyır. Media və kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktiki həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların formalaşdırılmasının gələcəkdə daha intensiv şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edilib.
