Naxçıvanda informasiya və kibertəhlükəsizlik potensialı sistemli şəkildə gücləndirilir.
NTV xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı"nda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov deyib.
Səlahiyyətli nümayəndə bildirib ki, muxtar respublikada əsas məqsəd dövlət qurumlarının informasiya və kibertəhlükəsizlik sahəsində təhlükəsizlik potensialının sistemli şəkildə gücləndirilməsidir.
Onun sözlərinə görə, bu istiqamətdə institusional dəstəyin təmin olunması, daxili təhlükəsizlik siyasətinin formalaşdırılması və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə tədbirlər ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.
C.Cəlilov qeyd edib ki, bu yanaşmalar "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda əksini tapmış strateji istiqamətlərdən irəli gəlir.
"Dövlət Proqramında qlobal trendlər nəzərə alınmaqla rəqəmsallaşma və innovativ yanaşmalar xüsusi prioritet kimi müəyyən edilib", - o bildirib.
