Son zamanlar ölkəmizin siyasi müstəvidə əldə etdiyi uğurlar digər dövlətlər tərəfindən xüsusi qısqanclıq və maneələr törətmək istəyi ilə qarşılanır. Bu da kiberhücumlarda son zamanlar özünü daha qabarıq göstərməyə başlayıb. Belə kiber hücumların artıq bir neçəsinin izinə düşülüb və bunlar barədə xüsusi hesabatlar hazırlanıb. Görünən odur ki, belə kiberhücumlar artıq informasiya sistemlərini deyil, daha çox insanları, məlumat daşıyıcısı olan vəzifəli şəxsləri hədəf alır.
Bu sözləri NTV-yə müsahibəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov deyib.
Onun sözlərinə görə, süni intellekt müsbət tərəfləri ilə yanaşı, böyük təhdidlər də yaratmaqdadır. Artan süni intellekt həlləri, xüsusən də süni intellektlə yaradılmış “deep fake” videolar qarşıya çıxır ki, bu da ciddi təhlükəsizlik riskləri yaradır.
"Ölkəmizdə zaman-zaman istər saxta reklam kampaniyaları, istər müəyyən şəxslərin adından müəyyən bəyanatların verilməsi ilə bağlı saxta videolar yayılmaqdadır. Buradan bir daha bütün şəxslərə, vətəndaşlarımıza bildirmək istərdim ki, belə məlumatları alarkən onların ilk mənbəyini mütləq yoxlasınlar. İlk mənbənin etibarlılığı çox mühüm məsələdir", - deyə Tural Məmmədov əlavə edib.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir. Toplantıda xüsusi rabitə, dövlət şəbəkəsinə qoşulmalar, proqram təminatlarının lisenziyalaşdırılması, antiviruslar, kiberinsident nümunəsində ölkəmizdəki hədəflər, effektiv mübarizə yolları, yeni meyillər, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər, təkliflər, onlayn sorğu və digər məsələlərlə bağlı müzakirələr aparılır.
