Fasiləsiz və etibarlı şəkildə fəaliyyət göstərən enerji sistemi hər bir müasir şəhər üçün vacib amildir.
NTV xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində çıxışı zamanı “Azərişıq” ASC-nin sədrinin birinci müavininin müşaviri Araz Məmmədzadə səsləndirib.
O bildirib ki, bu gün paylayıcı elektrik şəbəkələri yalnız enerji ötürmə funksiyası ilə məhdudlaşmır.
““Ağıllı texnologiya”ların tətbiqi, bərpaolunan enerji mənbələrinin inteqrasiyası və elektromobil doldurma infrastrukturunun inkişafı gələcəyin şəhərlərinin əsas dayanıqlı təməlini formalaşdırır. Biz paylayıcı şəbəkəni daha etibarlı, daha səmərəli və gələcəyə hazır sistemə çeviririk. Bu transformasiya prosesində Qarabağ və Şərqi Zəngəzur regionları xüsusi əhəmiyyət daşıyır. Həmin ərazilər “ağıllı kənd”lərin, “yaşıl enerji zona”larının, rəqəmsal idarəetmə mərkəzlərinin və müasir enerji infrastrukturunun bir araya gəldiyi yeni nəsil enerji modelinin “canlı laboratoriyası”na çevrilir. Həyata keçirilən layihələr insanların təhlükəsiz, rahat və dayanıqlı yaşayış şəraitinə qayıdışını dəstəkləməyə xidmət edir. Bizim əsas missiyamız hər evə, hər küçəyə və hər dam altına etibarlı enerji çatdırmaqdır”, – deyə müşavir əlavə edib.
A.Məmmədzadə vurğulayıb ki, dayanıqlı urbanizasiya məhz fasiləsiz və “ağıllı enerji” infrastrukturu üzərində qurulur.
