İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri strateji yanaşmanın əsas tərkib hissəsidir.
NTV xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “D-8 bölgəsində davamlı şəhərlərin enerji keçidlərinin şəhər inkişafı gündəmləri ilə uyğunlaşdırılması” adlı tədbirdə səsləndirib.
Onun sözlərinə görə, Qarabağ və ətraf rayonların azad edilməsindən sonra həmin ərazilərdə uzun illər ərzində dağıdılmış şəhər və kəndlərin, sosial infrastrukturun, nəqliyyat şəbəkələrinin, enerji sistemlərinin və ictimai xidmətlərin yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir: "Bu prosesin əsas məqsədi yalnız əvvəlki vəziyyəti bərpa etmək deyil, “daha yaxşı bərpa et” prinsipi əsasında yeni post-münaqişə inkişaf modelinin formalaşdırılmasıdır. Bu model BMT-nin dayanıqlı inkişaf məqsədləri və Azərbaycanın milli iqlim öhdəlikləri ilə uzlaşdırılır".
Anar Quliyev əlavə edib ki, regionlarda həyata keçirilən şəhərsalma və mənzil proqramları çərçivəsində dayanıqlı, ağıllı və inklüziv icmalar formalaşdırılır. Dövlət tərəfindən icra olunan proqramlar nəticəsində vətəndaşların mənzillə təmin olunduğu, artıq 80 mindən çox insanın azad edilmiş ərazilərə qayıdaraq orada yaşamağa, işləməyə və təhsil almağa başladığı diqqətə çatdırılıb.
“Bu yanaşma regionların uzunmüddətli dayanıqlı inkişafını təmin etməklə yanaşı, sosial rifahın yüksəldilməsinə və ərazilərin iqtisadi aktivliyinin bərpasına xidmət edir", - deyə Anar Quliyev əlavə edib.
