Azərbaycan mina ilə çirklənmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir və bu prosesdə vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir.
NTV xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə söyləyib.
COP29 çərçivəsində yaradılan Qlobal Cənub QHT Platformasının artıq uğurlu beynəlxalq təşəbbüsə çevrilməkdə olduğunu vurğulayan Prezidentin köməkçisi deyib: “Bu il həmin platformanın Baş Assambleyası təsis olunub və mən bu təşəbbüsün gələcəyinə böyük ümidlə baxıram. Şəhərlərlə bağlı çağırışlar – sürətli urbanizasiya, əhali artımı və iqlim dəyişiklikləri artıq bütün dövlətlərin gündəmindədir. Azərbaycan da iqlim dəyişikliklərinin təsirlərini hiss edir”.
Azərbaycanın qədim şəhərsalma ənənələrinə malik ölkə olduğunu vurğulayan H.Hacıyev, həmçinin qeyd edib: “Qədim Qəbələ kimi şəhərlər tarix boyu ticarət, elm, əməkdaşlıq və mədəniyyət mərkəzləri olub. Bu gün isə əsas çağırışlardan biri müasir şəhərlərin inkişafı ilə yanaşı, mədəni irsin qorunmasıdır”.
