Şəhərsalma və mənzil məsələlərinin həlli üçün özəl sektorla dialoqun gücləndirilməsi vacibdir və bu baxımdan Ümumdünya Şəhərsalma Forumu mühüm platformadır. Maliyyələşmə bu sahədə əsas problem olaraq qalır.
NTV xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan biznes dəyirmi-masasında deyib.
A.Rossbax qeyd edib ki, Afrika Mənzil Forumunda da əsas müzakirə mövzusu maliyyə məsələləri olub. Onun sözlərinə görə, bəzi ölkələr, xüsusilə Keniya daxili maliyyə resurslarını səfərbər etməklə mənzil problemlərinin həllində mühüm nəticələr əldə edib.
İcraçı direktor bildirib ki, bir çox ölkələrdə istifadə olunmamış maliyyə potensialı mövcuddur. Buraya vergi imkanları, xüsusilə torpaq və əmlak vergiləri, eləcə də bank ehtiyatları, pensiya fondları və əmanətlər daxildir. O vurğulayıb ki, mövcud kapital inkişaf, şəhər infrastrukturu və mənzil sektoruna yönəlmir.
Anaklaudia Rossbax əlavə edib ki, beynəlxalq maliyyə institutları ilə keçirilən müzakirələrdə maliyyə portfellərinin genişləndirilməsi imkanları da nəzərdən keçirilib. Onun sözlərinə görə, iqlim və şəhərsalma sahələrinin əlaqələndirilməsi istiqamətində işlər aparılır və ilk dəfə olaraq Şəhərlərə həsr olunmuş IPCC hesabatı hazırlanır.
UN-Habitat rəhbəri qeyd edib ki, problem yalnız “bankable project” hesab olunan layihələrin azlığı ilə bağlı deyil. O bildirib ki, qlobal maliyyə axınlarını başqa istiqamətlərə yönəldən daha böyük beynəlxalq maliyyə amilləri mövcuddur. Buna görə də əsas məqsəd mövcud böyük kapitalın şəhərsalma və mənzil sahəsinə yönləndirilməsi üçün birgə mexanizmlərin yaradılmasıdır.
