Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” panel sessiyasında Mali nümayəndəsi, Böyük Bamako Metropoliten Ərazisinin daimi katibi Osmane Sou ölkəsində həyata keçirilən şəhərsalma və metropoliten idarəetmə modelini təqdim edib.
NTV xəbər verir ki, çıxışda Bamako şəhərinin sürətli urbanizasiya, infrastruktur çatışmazlığı və mənzilə çıxış problemləri ilə üzləşdiyi qeyd olunub.
Bildirilib ki, əhalinin yüksək artım tempi və qeyri-formal iqtisadiyyat şəhər inkişafını çətinləşdirən əsas amillərdəndir. Qeyd olunub ki, bu çağırışlara cavab olaraq Mali hökuməti 26 inzibati vahidi birləşdirən Böyük Bamako Metropoliten Ərazisini yaradıb və uzunmüddətli inkişaf planı qəbul edib. Diqqətə çatdırılıb ki, proqramın əsas prioritetləri içməli suya çıxışın təmin edilməsi, şəhərətrafı kənd təsərrüfatının inkişafı, tullantıların idarə olunması və dayanıqlı enerji mənbələrinin tətbiqidir. Həyata keçirilən tədbirlər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına və şəhərlərin daha davamlı inkişafına xidmət edir.
Daimi katib yekunda vurğulanıb ki, metropoliten yanaşma qlobal şəhər inkişafı gündəliyinin icrasında əsas rol oynayır və Bamako bu istiqamətdə regionda mühüm nümunə kimi çıxış edir.
