Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda illər ərzində baş verən dağıntılar şəhərlərin, kəndlərin və yaşayış məntəqələrinin tamamilə məhvinə gətirib çıxarıb. Vaxtilə firavan icmaların yaşadığı bu torpaqlar münaqişə nəticəsində boşaldılıb, minlərlə ailə məcburi köçkün vəziyyətinə düşüb və genişmiqyaslı infrastruktur dağıntıya məruz qalıb.
NTV xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı bərpa, məskunlaşma və inkişaf” tədbirində çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
Vahid Hacıyev qeyd edib ki, bu proses təkcə fiziki infrastrukturun deyil, həm də mədəni və tarixi irsin ciddi zədələnməsi ilə müşayiət olunub. Onun sözlərinə görə, hazırda əsas prioritet həmin ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün şəraitin yaradılmasıdır.
O əlavə edib ki, regionda əsas çağırışlardan biri mina problemidir. Bununla belə, minalardan təmizləmə işləri mərhələli şəkildə davam etdirilir və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılır.
Xüsusi nümayəndə “Böyük Qayıdış” Proqramının bu prosesdə əsas çərçivə rolunu oynadığını vurğulayıb. Bildirib ki, məqsəd yalnız evlərin bərpası deyil, həm də dayanıqlı infrastruktur, müasir xidmətlər və rahat şəhər mühiti olan yaşayış məkanlarının yaradılmasıdır.
Onun sözlərinə görə, yenidənqurma SDG-lərə əsaslanır və “Ağıllı şəhər” konsepsiyası çərçivəsində enerji səmərəliliyi, rəqəmsal xidmətlər və müasir urban planlama prinsipləri tətbiq olunur.
Vahid Hacıyev qeyd edib ki, yeni yaşayış məntəqələrinin planlaşdırılmasında məktəb, səhiyyə, su təchizatı, ictimai xidmətlər və bərpaolunan enerji kimi əsas infrastrukturun əlçatanlığı prioritetdir. Məqsəd isə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz, davamlı və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir.
