Meksika mədəni baxımdan formalaşmış bir ölkədir. Burada yerli xalqlar birlikdə yaşayır və gündəlik həyatımız iki mədəniyyətin birləşməsinin bir hissəsidir.
NTV xəbər verir ki, bunu Meksika Xarici İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Təşkilatları ilə Əlaqələr üzrə Baş direktoru Mariana Posada Lombana BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da çıxış edərkən deyib.
O bildirib ki, Meksikada sosial ədalət dövlət siyasəti çərçivəsində resurslardan daha ədalətli istifadəyə, imkanlı təbəqələrlə az imkanlı əhali qrupları arasındakı böyük fərqin azaldılmasına yönəlmiş siyasətlər kimi başa düşülür: “Təəssüf ki, az imkanlı qruplar arasında ənənəvi olaraq yerli xalqlar xüsusi yer tutur. Meksikada təxminən 17 milyon insan özünü yerli xalqın nümayəndəsi kimi tanıyır və bu, ölkə əhalisinin təxminən 15 faizini təşkil edir. Yerli xalqlardan danışarkən biz çox böyük müxtəliflikdən — etnik qruplardan, dillərdən, məskunlaşma xüsusiyyətlərindən və hər bir qrupa xas olan adət-ənənə və hüquqi praktikadan danışırıq. Buna görə də vahid, homogen yanaşmadan uzaq durmaq lazımdır. Yəni hər etnik qrupun özünəməxsus xüsusiyyətlərini nəzərə almaq vacibdir”.
