Asiya-Sakit okean regionunda təxminən yarım milyard insan hələ də qeyri-adekvat mənzil şəraitində yaşayır. Sürətli urbanizasiya mənzil infrastrukturu və xidmətlərinin inkişaf tempini üstələməyə davam edir. Bütün bunlar isə iqlim dəyişikliklərinin yaratdığı böhranın daha da dərinləşməsi ilə müşayiət olunur.
Tayfunlar, daşqınlar, torpaq sürüşmələri və ekstremal istilər şəhərlərə ciddi təsir göstərir. Bu problemlər xüsusilə təhlükəli ərazilərdə yaşayan həssas icmalara daha çox təsir edir.
NTV xəbər verir ki, bu fikirləri UN-Habitat-ın Asiya və Sakit okean regionu üzrə regional ofisinin insan məskunlaşmaları üzrə mütəxəssisi Roi Çiti BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” adlı tədbirdə səsləndirib.
O bildirib ki, bu səbəbdən mənzil və dayanıqlı şəhər inkişafı gündəliyini iqlim fəaliyyəti gündəliyindən ayırmaq olmaz. “Bu proses inklüzivlik və bərabərlik prinsipləri əsasında həyata keçirilməlidir. Əhalinin həssas təbəqələrinin həll yollarının hazırlanmasında iştirak etməsi və bu həllərdən faydalanması vacibdir”, - deyə Roi Çiti qeyd edib.
R.Çiti vurğulayıb ki, əsas problemlərdən biri də su və sanitariya sahəsi ilə bağlıdır. “Dayanıqlı İnkişaf Məqsədlərinin altıncı məqsədi məhz su ilə əlaqədardır. Lakin sanitariya ilə bağlı hədəflər, təəssüf ki, digər bir sıra Dayanıqlı İnkişaf Məqsədləri kimi geridə qalır. Bu məsələ xüsusi diqqət tələb edir”, - deyə o əlavə edib.
