Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir.
NTV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu" mövzusunda yüksək səviyyəli dialoqunda onlayn formatda çıxış edərkən deyib.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan parlamenti rəqəmsal innovasiyalar üçün hüquqi bazanın möhkəmləndirilməsi və eyni zamanda hüquqi müəyyənliyin təmin edilməsi istiqamətində aktiv fəaliyyət göstərir:
"Azərbaycan parlamentinin qanunvericilik fəaliyyətinin əhəmiyyətli hissəsi rəqəmsal idarəetmənin və elektron hökumətin inkişafına həsr olunub. Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir, mövcud qanunvericilik isə texnoloji tərəqqiyə və idarəetmə sahəsində yaranan yeni tələblərə uyğun olaraq mütəmadi şəkildə təkmilləşdirilir".
Sahibə Qafarova əlavə edib ki, hazırda həyata keçirilən qanunvericilik islahatları çərçivəsində milli qanunvericiliyə rəqəmsal texnologiyalar, innovativ məhsullar və texnologiya transferi kimi anlayışların daxil edilib:
"Süni intellektin hüquqi statusu müəyyənləşdirilir, həmçinin rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi güzəştləri nəzərdə tutulur. Onun sözlərinə görə, bu islahatlar bir daha göstərir ki, rəqəmsal transformasiya sürətlə inkişaf edən texnologiyalara çevik cavab verə bilən, ardıcıl və gələcəyə yönəlmiş hüquqi çərçivənin formalaşdırılmasını tələb edir".
Sədr diqqətə çatdırıb ki, qanunvericilik islahatları bu prosesin yalnız bir hissəsidir,parlamentlər öz fəaliyyətlərində də rəqəmsal həllərdən səmərəli şəkildə istifadə etməlidirlər.
Milli Məclisin öz institusional fəaliyyətinin rəqəmsal transformasiyasına xüsusi diqqət yetirdiyini bildirən spiker Sahibə Qafarova həmçinin xatırladıb ki, bu yaxınlarda ictimai müzakirələrin və parlament dinləmələrinin elektron formatda keçirilməsi üçün hüquqi əsas yaradan, bununla da vətəndaşların qərarqəbuletmə prosesində iştirak imkanlarını daha da genişləndirən qanun qəbul edilib.
Sahibə Qafarova qeyd edib ki, rəqəmsal transformasiya özlüyündə məqsəd deyil, daha keyfiyyətli idarəetməyə nail olmaq üçün bir vasitədir.
"O demokratik institutları gücləndirir, qanunvericiliyin keyfiyyətini yüksəldir, parlamentlərin fəaliyyətini daha şəffaf, daha səmərəli və vətəndaşların ehtiyaclarına daha həssas edir. Parlamentlərarası İttifaqa üzv parlamentlər arasında əməkdaşlıq, qabaqcıl təcrübə mübadiləsi və texniki dəstək ümumi məqsədlərimizin irəli aparılması üçün mühüm əhəmiyyət kəsb edir", - deyə o, fikrini tamamlayıb.
