Qazaxıstan və Almaniya rəsmiləri beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf perspektivlərini, sənaye və investisiya əməkdaşlığını müzakirə ediblər.
NTV Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, bu məsələlər Baş nazirin müavini və Milli İqtisadiyyat naziri Serik Jumanqarin ilə Almaniya səfiri Hayke Payç arasında keçirilən görüşdə müzakirə olunub.
Nəqliyyat marşrutlarının şaxələndirilməsinə xüsusi diqqət yetirilib. Xüsusilə, Əfqanıstandan Pakistana dəmir yolunun çəkilməsi perspektivləri qeyd edilib. Qazaxıstan, Özbəkistan və BƏƏ əvvəllər bu layihə üzrə anlaşma memorandumu imzalayıblar.
Alman diplomat Almaniyanın Avropa və Asiya bazarları arasında mühüm əlaqə marşrutu kimi Mərkəzi Asiyada nəqliyyat əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, əməkdaşlıq perspektivləri dəmir yolu əlaqələrindən kənara çıxaraq rəqəmsal rabitə, qaz və neft boru kəmərlərinə qədər uzanır.
Qeyd edilib ki, 2025-ci ilin sonuna qədər Qazaxıstan ilə Almaniya arasında ticarət dövriyyəsi 13,4 faiz artaraq 4,5 milyard dollara çatıb.
