satellite   Azerspace-1: 11135 H 30000

Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır

Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır

BMT-nin Baş katibi cümə axşamı bildirib ki, hamı üçün daha təhlükəsiz bir dünya təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət bərabərsizliyə qarşı mübarizə aparmalı və müharibələrin genişlənməsinin qarşısını almalıdır.

NTV  BMT-nin məlumatına istinadla xəbər verir ki, Misirə səfəri ərəfəsində Nyu-Yorkda jurnalistlərə açıqlama verən Antonio Quterreş Avropada və digər regionlarda artan ictimai narazılığa toxunub. O qeyd edib ki, insanlar yaşayış xərclərinin artması ilə bağlı narazılıqları ifadə etmək üçün küçələrə çıxıblar. “Hər yerdə ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır. Həm insanlar, həm də ölkələr üçün faiz dərəcələri yüksəlib. Gənclər üçün isə daha yaxşı gələcək vədi getdikcə daha əlçatmaz olur”, -deyə Baş katib vurğulayıb.

A. Quterreş Fransa, İtaliya və digər yerlərdə bir neçə gün davam edən etirazlar zamanı müşahidə olunan zorakılıq və dağıntıları açıq şəkildə pisləyərək bildirib ki, cinayət xarakterli əməllərə görə məsuliyyət daşıyanlar cavab verməli olacaqlar, amma etirazçıların haqlı narazılıqları da diqqətdən kənarda qalmamalıdır. O əlavə edib: “Biz çox real və dinc şəkildə ifadə edilən şikayətlərin dünyamızdakı daha geniş qarışıqlıqla nə qədər dərin bağlı olduğunu daha yaxşı başa düşməliyik”.

Baş katib bildirib ki, bu gün artan münaqişələr hava şəraitini pozan və minlərlə kilometr uzaqlıqdakı həyatı alt-üst edən El-Nino iqlim fenomeninə bənzəyir: “İndi müharibənin El-Ninosuna şahidlik edirik. Münaqişələr bir-birini əvəz edir, onların nəticələri isə daha sürətlə yayılır”.

BMT-nin rəhbəri vurğulayıb ki, Yaxın Şərq, Ukrayna və Sudan kimi ərazilərdə dinc insanlar və mülki infrastruktur - evlər, xəstəxanalar, məktəblər, hava limanları, elektrik stansiyaları və enerji obyektləri qəsdən atəşə tutulur. O, müharibənin enerji bazarlarını, gəmiçiliyi, təchizat zəncirlərini və maliyyə sistemlərini pozduğunu da diqqətə çatdırıb.

Baş katib sözlərini yekunlaşdıraraq qeyd edib: “İnsanlar hər yerdə təhlükəsizlik istəyirlər. Onlar ləyaqət istəyirlər. Onlar hökumətlərin və beynəlxalq təşkilatların öz vəzifələrini layiqincə yerinə yetirməsini gözləyirlər. Bu, cəmiyyətləri parçalayan bərabərsizliklərlə mübarizə aparmaq, həmçinin insan əzablarını artıran, qiymətləri yüksəldən, inkişaf üçün nəzərdə tutulan resursları tükəndirən və onsuz da bərabərsiz olan dünyada uçurumu daha da dərinləşdirən münaqişələrə son qoymaq deməkdir”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:37 23.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM