Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 93-cü Ali Baş Sessiyasından əvvəl təşkilatın Avropa regional komissiyasının iclası başlayıb.
NTV xəbər verir ki, Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti qismində AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. O, ölkəmizin vitse-prezidentlik çərçivəsində gördüyü işlərdən danışıb.
İclasda Komissiyanın Heyvan Rifahı Komitəsinə Nəzarət Qrupunun hesabatı dinlənilib. Qalib Əbdüləliyev Avropa Regional Komissiyasına üzv olan 5 ölkənin təmsilçisi kimi təqdimatla çıxış edib. Təqdimatda son ildə keçirilmiş tədbirlər və icra edilmiş işlər təhlil olunub. Növbəti beş il üzrə müəyyənləşdirilmiş əsas prioritetlər və icra edilmiş tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Regional komissiya üzvlərinin görüşünün nəticələri Ali Baş Sessiyada müzakirə edilərək, müvafiq qərarlar qəbul olunacaq.
Regional komissiyaya bu təşkilata daxil olan 53 ölkə kuratorluq edir. Həmin ölkələrdə tətbiq edilən çoxsaylı tədbirlər Azərbaycanın koordinasiyası ilə təşkil olunur. Həmçinin təşkilatın gələcək strategiyaları və proqnozlarının hazırlanması Azərbaycanın iştirakı ilə həyata keçirilir.
