Qırğızıstan Prezidenti Sadır Japarov və İran Prezidenti Məsud Pezeşkian telefon danışığı zamanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qarşıdan gələn sammitini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
NTV xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Qurban bayramı ərəfəsində bir-birini təbrik edərək, iki ölkə xalqlarına sülh, rifah və firavanlıq arzulayıblar.
Söhbət zamanı ŞƏT çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. S.Japarov qeyd edib ki, Qırğızıstan təşkilatın fəaliyyətdə olan sədri kimi sülhün, etimadın və konstruktiv qarşılıqlı fəaliyyətin təmin edilməsində onun rolunun gücləndirilməsinə prioritet əhəmiyyət verir.
Tərəflər həmçinin Qırğızıstanda ŞƏT-in qarşıdan gələn sammitinin əhəmiyyətini və onun yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğulayıblar.
Regional gündəliyin müzakirəsi zamanı Japarov dialoqun davam etdirilməsinin və bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik üsullarla nizamlanmasının vacibliyini qeyd edib, Yaxın Şərqdə sabitliyin bərpa olunacağına ümidini ifadə edib.
Danışığın sonunda liderlər Qırğızıstan-İran münasibətlərinin dostluq və qarşılıqlı dəstək ruhunda daha da inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
