Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Vyanada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş qəbul keçirilib.
NTV xəbər verir ki, tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun və Vyanada yerləşən beynəlxalq təşkilatların nümayəndələri, eləcə də hərbi attaşeliklərin, Avstriya ictimaiyyətinin və bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən səfir Kamil Xasiyev tariximizdə ən parlaq günlərdən biri olan 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Səfir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın silahlı qüvvələrimiz tərəfindən qəhrəmanlıqla azad edilməsinin və ərazi bötüvlüyümüzün, suverenliyimizin təmin olunmasının regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımdan əhəmiyyətinə toxunub. Müharibədən sonra dövlətimizin təşəbbüsü ilə başladılan danışıqlar və əldə edilmiş nəticələr, azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib.
Azərbaycanın Avstriyadakı hərbi nümayəndəsi polkovnik-leytenant Sənan Babayev Azərbaycan Ordusunun şücaətindən danışıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyatını itirmiş şəhidlərimizin daim ehtiramla yad edildiyini bildirib. S.Babayev qazanılmış qələbədən sonra ölkəmiz üçün əsas prioritetlərin sülh, təhlükəsizlik və sabitlik olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanın şanlı Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
