Şuşa fədaisi…

Şuşa fədaisi…

Birinci Qarabağ savaşında Şuşa şəhərinin işğal edilməsi demək olar ki, bölgə üçün ən böyük təhlükə idi. Şuşa şəhərinin əldən getməsi digər şəhərlərin işğalı üçün bütün maneələri aradan qaldıracaqdı. Bunları yaxşı bilən vətənin igid oğulları düşmən hücumunun qarşısını ala bilmək üçün əlindən gələni əsirgəmirdilər. Belə oğullardan biri idi, Ramiz Qəmbərov. O, haqq səsini 1988-ci ildən duyurmuşdu. Doğulduğu Şuşa şəhərini qorumaq, düşmənin xain niyyətinin önünə keçə bilmək üçün Moskvada Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında fəallıq göstərənlərdən biri olmuşdu. Bu addımlarına görə təzyiqlərə məruz qalsa da, öz yolundan dönməmişdi.

Qorxmaz, ölümün gözünə dik baxan, yurdunun igid oğlu Ramiz Qəmbərov 1962-ci il iyul ayının 2-də vətənin ən dilbər guşəsində Şuşa şəhərində anadan olmuşdu. Qəhrəmanımız burada təhsil alıb, yerini-yurdunu sevən, vətəninə bağlı bir gənc olaraq böyümüşdü. 1980-ci ildə əsgəri xidmətə çağrılan Ramiz xidmətini canla-başla başa vurub, sonra doğulduğu Şuşa şəhərinə geri qayıdır. Burada o, ali təhsil alıb, əmək fəaliyyəti ilə məşğul olur. 1988-ci ildə ölkədə qarışan vəziyyətə görə quldur ermənillərə qarşı mübarizə apararaq, düşmən önünü kəsənlərdən biri olur. Mənfurların xislətinə bələd olan vətənin igid oğlu hər nə qədər hədə-qorxu, şəxsi hücumlara məruz qalsa da, mübarizəsindən əl çəkmir. O, 1992-ci ildən torpaqlarımızı qorumaq üçün könüllülərdən ibarət batalyon yaradanlardan biri olur. Özü başçılıq etdiyi batalyonla Şuşa şəhəri və ətraf kəndlərindən Kərkicahan, Kosalar, Nəbilər, Qayıblı, Malıbəyli, Quşçular, Göytalanın müdafiəsində duraraq düşmən hücumunun qarşısını alır. İgidliyi ilə düşməni qorxuya salan qəhrəmanımız bir çox uğurlu əməliyyatlarda iştirak edir. Son döyüşə 1992-ci il 20 apreldə Kosalar və Kərkicahan kəndləri yaxınlığında qatılır. Yaşayış məntəqələrinə hücuma keçən erməni yaraqlılarını həmin ərazidən təmizləmək üçün əməliyyatlar aparan qəhrəmanımız bir neçə dəfə hücumun qarşısını almağı bacarır. Ancaq say ehtibarı ilə çox olan düşmənlə qeyri-bərabər döyüşə qatılan qəhrəmanımız xain ermənilərin mövqeyini öyrənmək üçün öz canını təhlükəyə atır. Böyük cəsarət göstərən igid komandir ağır yaralanır. O, doğma yurdu uğrunda canından keçərək ali məqama yüksəlir. Vətənin igid oğlu Şuşa şəhərindəki qəbiristanlıqda dəfn olunur.

Qeyd edim ki, Vətən torpaqlarının müdafiəsində igidlik göstərib, canını yurdu üçün fəda edən Ramiz Bulud oğlu Qəmbərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür. Bakı şəhərindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Yurdunun qəhrəman fədaisi, məzarında rahat uyu! Haqq səsin haqqına qovuşdu. Yağılarda sənin yurdun yoxdur daha! Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun qəhrəman oğulları 2020-ci il 27 sentyabrda başlanan 44 günlük Vətən müharibəsində sənin kimi igidlərin harayına səs verərək torpaqlarımızı işğaldan azad etdi. Düşməni doğma Qarabağımızın hər bir diyarından, elə bölgənin tacı olan Şuşadan əbədilik qovdu. Bütün dünyaya bildirdilər ki, bu torpaqlar bizim öz doğma, tarixi torpaqlarımızdır. Artıq dörd ildir ki, sənin torpaqlarında doğma insanların yaşayır. Ruhun şad olsun, Şuşa fədaisi!

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM