ƏƏSMN: Pensiyalar gələn ay artırılmış məbləğdə veriləcək

ƏƏSMN: Pensiyalar gələn ay artırılmış məbləğdə veriləcək

Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Qeyd edilir ki, artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.

İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilki fəaliyyətinin nəticələri diqqətə çatdırılıb. Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində görülən işlərə dair təqdimat edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən ilki fəaliyyətinin nəticələri qeyd olunub. 2024-cü ildə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən olunan 61 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi, gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyi bildirilib.

Əmək münasibətləri üzrə innovativ nəzarət mexanizmlərinin tətbiqi, “Əmək və Məşğulluq” altsisteminin funksionallığının artırılması, işəgötürənlərin əmək qanunvericiliyi barədə maarifləndirilməsi və s. sahələrdə atılan addımlar diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son bir ildəki fəaliyyətinə dair məlumat verilib. DSMF-nin gəlirlərinin 2024-cü ildə əvvəlki illə müqayisədə 345 mln. manat (5 faiz) çox olmaqla 7 mlrd. 20 mln. manat, Fondun xərclərinin isə əvvəlki ilə nisbətən 808 mln. manat (13 faiz) çox olmaqla 6 mlrd. 889 mln. manat təşkil etdiyi bildirilib. Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ötən il əvvəlki ilə nisbətən 844 mln. manat (10,6 faiz) çox olmaqla 8 mlrd. 846 mln. manat ödənildiyi qeyd olunub.

Nazirliyin digər fəaliyyət sahələrində ötən il görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM