Həyatın ən qiymətli anları, yaşamağı hiss etdiyimiz anlardır. Bu anlarda yadımıza düşən ən gözəl xatirələr isə uşaqlarla bağlıdır. Uşaqların böyüməsində, inkişafında isə erkən müdaxilənin əhəmiyyəti çox vacibdir. Erkən müdaxilə yalnız tibbi yanaşma deyil, həm də onların inkişafı üçün vacibdir. Çünki hər erkən addım, onların daha parlaq gələcəyə doğru irəliləməsi üçün atılan mühüm bir addımdır.
Qüsurlu doğulan uşaqlar bəzən çox kiçik yaşlardan etibarən ünsiyyət, dil və kommunikasiya problemləri ilə üzləşir, öz dünyalarında daha da dərinləşərək, ətrafla əlaqə qurmaqda çətinlik çəkirlər. Lakin, bu, onların imkanlarını məhdudlaşdırmamalıdır. Vaxtında edilən müdaxilə ilə bu uşaqların həyati fəaliyyəti daha da artır və onlar müstəqil şəkildə cəmiyyətə inteqrasiya olunurlar.
NUHÇIXAN-a müsahibəsində defektoloq-loqoped Leyla Əliyeva bildirir ki, hər bir uşaq, həyatın ilk illərində öz seçdiyi yolda irəliləyir. Amma bu yolda qarşılarına bəzən müxtəlif maneələr çıxır. Autizm, loqopedik çətinliklər və ayaqlarda düzləşmə kimi problemlər, uşaqların həyatını daha çətinləşdirə bilir. Lakin, bu maneələrin qarşısını almaq və uşaqların inkişafını dəstəkləmək mümkündür və bunun açarı erkən müdaxilədə gizlidir. Çünki erkən müdaxilə onların dil və ünsiyyət bacarıqlarını yaxşılaşdırmağa, sosial bacarıqlarını inkişaf etdirməyə və ümumi inkişaflarına müsbət təsir edir. İlk illər, beynin inkişafının ən sürətli olduğu və hər bir yeni məlumatın sürətli şəkildə qəbul edildiyi dövrdür. Bu dövr, uşaqlar üçün qızıl dövrdür. Bu cür çətinliklərlə üzləşən hər bir uşaq, doğru müdaxilə ilə dünyaya daha açıq, daha işıqlı bir perspektivlə baxa bilər. Dil bacarıqlarını inkişaf etdirmək, sosial əlaqələr qurmaq, gündəlik həyatda özünə kömək edə bilmək – bunların hamısı mümkün olar, yalnız doğru vaxtda və doğru şəkildə edilən müdaxilə ilə.
Müvafiq terapiya və dəstək proqramları ilə, uşaqların dil bacarıqları, sosial əlaqələr qurma bacarıqları və həyat keyfiyyəti inkişaf etdirilə bilər. Yalnız uşaqlar deyil, ailələr də bu müdaxilələr sayəsində daha güvənli və ümidli bir gələcəyə doğru addımlayırlar. Uşağın beyin inkişafı ən yüksək səviyyədə olduğu ilk illərdə, xüsusən də 0-6 yaş arası dövrdə, bu müdaxilə onların bacarıqlarının inkişafına təsir edə bilər. Uşaqların dil və ünsiyyət qabiliyyətləri bu dövr ərzində ən sürətli şəkildə inkişaf edir. Erkən müdaxilə sayəsində, uşaqların dil gecikmələri və digər inkişaf problemləri ilə bağlı risklər azaldılır, bu da onlara gələcəkdə daha yaxşı sosial əlaqələr qurmağa kömək edir.
Erkən müdaxilənin ən təsirli metodlarından biri "Dil və ünsiyyətin inkişafına yönəlik oyun terapiyası"dır. Bu metod uşağın dil və sosial bacarıqlarını oyun yolu ilə inkişaf etdirir. Ayrıca, vizual kömək vasitələri, əlamət dili və sosial hekayələr kimi yanaşmalar da istifadə olunur. Bu metodlar uşaqların diqqətini çəkməyə, onlara gündəlik həyatda qarşılaşdıqları vəziyyətlər barədə düşünməyi öyrətməyə və onlarla ünsiyyət qurmağı təşviq etməyə kömək edir.
Valideynlərin erkən müdaxilənin tətbiqində rolu çox vacibdir, çünki onlar uşaqlarının gündəlik həyatında birbaşa təsir göstərirlər. Valideynlər, terapevtlərin tövsiyələrini tətbiq edərək, evdə uşaqları ilə uyğun məşğələlər keçirə bilərlər. Bu da uşağın irəliləyişini sürətləndirə bilər. Ayrıca, valideynlərin uşaqlarını başa düşməsi və onların ehtiyaclarına uyğun yanaşma tətbiq etməsi çox önəmlidir. Valideynlərin düzgün məlumatlandırılması və onları dəstəkləmək, uşağın inkişafını daha effektiv hala gətirir. Erkən müdaxilə, yalnız fiziki və psixoloji inkişafı sürətləndirmir, eyni zamanda uşağın özünə inamını artırır, həyat keyfiyyətini yüksəldir və onun gələcəyinə yön verə bilir. Bir uşaq nə qədər tez dəstək alarsa, o qədər tez irəliləyişlər göstərə bilər.
Gəlin, hər bir uşağın öz ən yaxşı versiyasına çatması üçün bir addım ataq. Erkən müdaxilə ilə hər gün fərq yarada bilərik. Bu uşaqların həyatını dəyişdirmək, həm də bütün cəmiyyətin gələcəyinə böyük təsir edəcəkdir. Birlikdə hər addımda daha böyük fərqlər yaratmaq, hər bir uşağın parlaq gələcəyinə işıq tutmaq mümkündür. Uşaqlara erkən yaşlarda göstərilən dəstək, onların yalnız sağlam bədənlərə deyil, həm də sağlam ruha sahib olmalarına kömək edir. Bu, onların həyatda daha güclü, daha müstəqil və özlərini ifadə edən fərdlər olmasına şərait yaradır.
Bu cür uşaqların inkişafı üçün onların fərdi ehtiyaclarını anlamaq və buna uyğunlaşmaq vacibdir. Hər uşağın inkişaf tempi fərqlidir, buna görə də fərdi yanaşmalar tətbiq etmək lazımdır. Uşağa uyğun metodlar və strategiyalar tətbiq edərək, hər mərhələdə ona dəstək olmaq çox önəmlidir. Təcrübəli mütəxəssislərdən dəstək alaraq, uşaqların potensialını ortaya çıxarmaq mümkündür.
Unutmayaq ki, bu uşaqlar fərqlidirlər, amma fərqli olmaq bir zəiflik deyil. Əksinə, onların fərqliliyi, bəzən ən böyük gücləri olur. Çox vaxt cəmiyyətdə bu fərqliliklər yanlış anlaşılır və ya göz ardı edilir. Lakin erkən müdaxilə ilə onların potensialı kəşf edilə bilər, onların dünyası daha genişlənir və onlar daha sağlam bir şəxsiyyət olaraq böyüyürlər.
Erkən müdaxilə həyat qurtarır. Çünki hər saniyə, hər dəqiqə, hər addım çox qiymətlidir.
Səma Hüseynli
Naxçıvan televiziyasının redaktoru