2025-ci ilin ilk üç ayında NQTA tərəfindən 48 dönərxanada yoxlama aparıb, ciddi nöqsanlar aşkarlanıb. 80 nəfərin zəhərlənməsi təsdiqlənib, 17650 manat cərimə tətbiq olunub.
Son zamanlar, əsasəndə bayram ərəfəsi Naxçıvan Muxtar Respublikasında kütləvi dönərdən zəhərlənmə halları baş verdi. Bu həm əhalini, həm də dövlətin məsul qurumlarını çox narahat etdi. Sağlamlığımıza ciddi təhlükə yaradan və sanitar-gigiyenik qaydalara əməl etməyən dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı.
Agentliyin qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov Naxçıvan televiziyasına müsahibəsində bildirib ki, NQTA bütün qida obyektlərinə nəzarət və monitorinq tədbirləri həyata keçir. Bura ilkin istehsalatdan ta ki, istehlakçılara qədər qida məhsullarının keçdiyi bütün mərhələlər aiddir.
Ümumiyyətlə qida zəhərlənmələri mövsümdən asılı olaraq dəyişir və ən çox dönərxanalarda, ictimai iaşə müəsissələrində baş verir. Aparılan monitorinqlər zamanı müşahidə etmək olur ki, qida zəhərlənmələrinin baş verdiyi dönərxanalarda sanitar-gigienik qaydalara əməl olunmur. Yararlılıq müddəti bitmiş məhsullar satılır. Tempuratur rejimi və digər qida təhlükəsizliyi sahəsində texniki normativ göstəricilərin tələbi pozulur. Xüsusəndə bayram günlərində insanların sağlam qidalanması istiqamətində monitorinqlər aparılıb. Monitorinqlər 48 dönərxanada aparılıb və 12 dönərxanada çox ciddi nöqsanlar aşkarlanıb. Şübhəli məhsullar hesab edilən çiy dönər, bişmiş dönər, keççup mayonez, souslar müvafiq laborotoriyada müayinə üçün cəlb edilib.
Aparılan müayinələr nəticəsində məlum olmuşdur ki, uyğunsuzluq var. Bununla bağlı həmin dönərxanalarda plandan kənar yoxlamalar aparılmış, qanunvericilik çərçivəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilmişdir. Nöqsanlar aradan qaldırıldıqdan sonra isə, həmin müəssisələrin müraciəti əsasında yenidən dönərxanalara baxış keçirilib və fəaliyyətinə icazə verilib. Bəzi müəssisələrdə isə sahibkarlara inzibati protokol tərtib edilərək cərimələr tədbiq olunub.
Monitorinqlər həm illik, həm də aylıq icra olunur və Muxtar Respublikanın demək olar ki, bütün rayon və kəndlərində aparılır.
Dönər, çiy dönər emalı müəssisələrində hazırlanır. Həmin müəssisələrə də nəzarəti NQTA həyata keçirir. Heç bir dönərxana dönər hazırlaya bilməz və bu qadağandır. Çiy dönər -18 dərəcə temperatorda saxlanılmalı və dönərxanalara soyuq zəncir prinsipinə əsasən çatdırılmalıdır.
Dönər alındıqdan maksimum 1 saat ərzində istifadə olunmalıdır. Zəhərlənmələrin təhlilini aparanda məlum olur ki, dönər, alınanda bir neçə saat sonra istifadə olunub. Əksər hallarda hazır doğranmış dönərin növbəti gün təzə dönərlə qarışdırılıb istehlakçıya təqdim olunması kimi hallar da qida zəhərlənmələrində mühüm yer tutur. Bu hallara bizim nəzarətimizlə yanaşı, sahibkarların da daxili nəzarəti olmalıdır.
Marketlər və digər ticarət obyektlərindən tələbimiz odur ki, şirniyyat məhsulları qəbul etdiyiniz zaman, əmtəə nişanı olan müəsissələrin mallarını qəbul etsinlər. Bəzən elə məhsullara rast gəlinir ki, onun heç bir yararlılıq məlumatı göstərilmir. Bu isə məsuliyyətdən qaçmaq deməkdir. Keçən il bununla bağlı tərəfimizdən monitorinq keçirilib alkoqollu içkilər və zeytun yağları məhv edilib. Bu kimi məhsullar saxta məhsullar hesab olunur. Belə halla qarşılaşan istehlakçılar NQTA-ya müraciət edə bilərlər.
Cari ilin birinci rübü ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla 20 planlı, 8 plandankənar olmaqla, ümumilikdə 28 yoxlama keçirilib. Yanvar-mart ayları ərzində aparılmış yoxlamalar çərçivəsində 26 iş üzrə ümumilikdə 17650 manat məbləğində cərimə tətbiq edilmişdir. Nəzarət tədbirləri nəticəsində yararlılıq müddəti bitmiş və istifadəyə yararsız 135 ədəd qida məhsulları Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Aparılan dövlət nəzarəti tədbirləri nəticəsində ümumilikdə 21003 ədəd və 3017.8 kq məhsul məhv edilib, 228 kq məhsul isə utilizasiya olunub. 53 dönərxanada aparılan dövlət nəzarəti tədbirləri zamanı əvvəlki tarixlərdə bişmiş dönərin növbəti gün yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı aşkarlanıb. 121 ticarət, 75 ictimai iaşə, 51 dönərxana, 16 ət satışı mağazası, 3 şadlıq evi, 55 aptek və 25 emal obyektində olmaqla, ümumilikdə 346 müəssisədə həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı obliqat qrupuna daxil olan 567 nəfər işçidən 396 nəfər işçinin dövri tibbi müayinədən keçmədiyi məlum olub. 15 məktəbəqədər və 14 ümumtəhsil müəssisəsi olmaqla ümumilikdə 29 təhsil müəssisəsinin bufet və yeməkxanasında monitorinqlər aparılıb. Monitorinqlər zamanı 65 nəfər işçidən 14 nəfərin dövri tibbi müayinədən keçmədən işlədiyi məlum olub. Qida zəhərlənməsi ilə bağlı daxil olmuş 89 müraciətə əsasən Agentliyin əməkdaşları tərəfindən araşdırma aparılaraq qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib, 80 nəfərin zəhərlənməsi təsdiq olunub.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru