2018-2025-ci illərdə Azərbaycanda bağlanmış əmək müqavilələrinin 92 %-i özəl sektorun payına düşüb.
NTV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.
"Son 7 ildə əmək müqavilələrinin sayında 45 % və yaxud 595 min vahid artım olub. Əməkhaqqı fondu ölkə üzrə 3,2 dəfə, qeyri-dövlət sektoru üzrə isə 3,6 dəfə artım nümayiş etdirib", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, sahibkarlığın inkişafı yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və əhalinin rifah halının yüksəlməsinə mühüm töhfə verir: "Dayanıqlı və rəqabətədavamlı iqtisadiyyatın inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişafı ilə yanaşı, vətəndaşların sosial rifahından da birbaşa asılıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən ölkədə 4 milyon vətəndaşımızı əhatə edən 5 sosial islahat zərfi həyata keçirilib ki, bu islahatların illik əlavə maliyyə yükü 7,6 milyard manat təşkil edir. Bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb".
Bundan başqa, A.Əliyev deyib ki, nazirlik bu dövrdə 2,1 milyondan çox şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib: "Onlardan 823 min nəfəri işlə təmin edilib, 54 mindən çox şəxs peşə hazırlığına, 111 min nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Bundan əlavə, 1,2 milyon şəxsə peşəyönümü məsləhət xidməti göstərilib".
