Ödənişli atalıq məzuniyyəti ananın analıq məzuniyyətində olmasından asılı olmayaraq verilir. Həmçinin bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir, bu şərtlə ki, məzuniyyət günlərindən biri körpənin doğuş tarixi ilə üst-üstə düşsün.
Bu barədə NTV-nin sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən cavabda bildirilib.
Qeyd olunub ki, artıq 85 işəgötürən tərəfindən 100-dən çox işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən ƏƏSMN-in “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq olunub.
Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
