Babək rayonunda ailə təsərrüfatlarının istehsal imkanları genişlənib

Babək rayonunda ailə təsərrüfatlarının istehsal imkanları genişlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratmışdır. Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin icrası bu sahənin imkanlarını genişləndirib, dövlətdən alınan maliyyə dəstəyi hesabına bir sıra yeni ailə təsərrüfatları yaradılıb. Ailə üzvlərinin birgə fəaliyyətinə əsaslanan bu təsərrüfat sahəsi daxili bazarı yerli və keyfiyyətli məhsullarla tam təmin edir.

Ailə təsərrüfatlarının, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında, eləcə də kənd yerlərində məşğulluğun təmin olunmasında müstəsna rolu var. Digər tərəfdən aparılan məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə çoxalması əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla yanaşı, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır.

Babək rayonunun Qahab kəndindən olan Hünər Qasımov yaratdığı ailə təsərrüfatında ağartı məhsullarının istehsalı ilə məşğul olur. 2013-cü ildə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 26 min manat kredit götürüb. Bu vəsait hesabına qardaş Türkiyə Respublikasının Bursa şəhərindən kərə hazırlayan, şor çıxaran və qatıq istehsal edən müasir avadanlıqlar alıb. Bundan başqa, təsərrüfatında 60-dan çox iribuynuzlu mal-qarası var. Özü və ailə üzvləri bir neçə ildir ki, bu işlə məşğuldur. “Böyük dağ” əmtəə nişanı ilə hazırlanan qatıq, qaymaq, Qahabdakı mövcud xidmət mərkəzlərinə, eləcə də ətraf kəndlərdəki 10-a yaxın dükan-bazara və Naxçıvan şəhərindəki satış obyektlərinə yerli məhsul təqdim olunur. Hünər Qasımovun ailə təsərrüfatında il ərzində 850 qramlıq 10 min tara qatıq istehsal olunur.

Əkinçilik, arıçılıq, bağçılıq, taxılçılıq, o cümlədən heyvandarlıqla da məşğul olan Hünər Qasımov deyir ki, Naxçıvanda ailə təsərrüfatlarının inkişafına davamlı dövlət dəstəyi göstərilir. 2019-cu ildə daha 7 min manat kredit götürüb 30 arı ailəsi almışam. Bu sahəyə də dövlət dəstəyi göstərilir, hər arı ailəsinə görə 10 manat subsidiya verilir. Qalan vəsait hesabına 50 metr uzunluğunda, 14 metr enində böyük fermer təsərrüfatı tikmişəm. Bu işdə oğlanlarım da mənə yaxından kömək göstərirlər. Yaz aylarında mal-qaranı Nəhəcir dağının ətəklərində, sonra isə Culfa rayonundakı yaylaqlara aparırıq. Onu da qeyd edim ki, muxtar respublikada təşkil olunan yarmarka və festivallarda da iştirak edirəm. Gələcəkdə yarmarka və bazarlara ət məhsulları və bal çıxarmağı düşünürəm.

Hünər Qasımov deyir ki, bu ilin məhsulu üçün 21 hektar sahədə payızlıq taxıl əkmişəm. Bununla yanaşı, kənd bələdiyyəsindən əkinə yararsız 3 hektar torpaq sahəsi götürüb yararlı hala salmışam. Oğul-uşaqla birgə həmin sahənin 1 hektarında yonca, 2 hektarında taxıl, yarım hektarda isə müxtəlif meyvə ağacları əkmişəm. Dövlətimizə minnətdarlığımı bildirirəm ki, ailə təsərrüfatçılarına güzəştli şərtlərlə texnikalar da verir. Mən də “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 3 texnoloji avadanlıq almışam.

İstehsal etdiyi ağartı məhsulları ilə alıcı rəğbəti qazanan digər təsərrüfatçı isə Kültəpə kənd sakini Gündüz Məmmədovdur. Dediyinə görə, bir neçə il bundan əvvəl evdə ağsaqqal, ağbirçəklə oturub məsləhətləşib və belə qərara gəlib ki, süd məhsullarının istehsalı ilə məşğul olmaq üçün hər cür şərait var və bu şəraitdən yararlanmaq lazımdır. Əvvəla, həyətindəki malqaranın baş sayını artırıb. Daha sonra müvafiq dövlət orqanlarına layihəsini təqdim edib və onun bu ideyası müsbət qarşılanıb. Bununla da elə həmin il 26 min manat dövlət maliyyə dəstəyi alaraq istehsal sahəsini qura bilib.

“Gündüz” əmtəə nişanı ilə satışa çıxarılan qatıq və ayran 250 və 500 qramlıq plastik taralara yığılır və bu işlərin hər biri avtomatlaşdırılmış qaydada, əl dəymədən, sanitar-gigiyenik tələblərə uyğun həyata keçirilir. Nəticə olaraq istehlakçıya təqdim edilən hər bir məhsulun keyfiyyəti istehsalçının baş ucalığı deməkdir. Deməli, keyfiyyət amili əsasdır. Ailə təsərrüfatçısı şor, kəsmik, lor da istehsal etmək fikrindədir. Bu məqamda qeyd edək ki, sahibkar istifadə olunan plastik taraları daha əvvəlki kimi qonşu ölkələrdən gətirmir. Düzdür, dövlət tərəfindən ailə təsərrüfatı rəhbərlərinə, sahibkarlara xaricdən gətirilən hər bir məhsul üçün xüsusi güzəştlər tətbiq olunub, onlar rüsumlardan azad ediliblər. Amma Nehrəm qəsəbəsində sahibkar Rafiq Əliyev tərəfindən plastik taraların istehsalı sahəsinin yaradılması ilə xaricdən asılılıq aradan qalxıb. İndi bu qabların daha ucuzu və daha keyfiyyətlisi Nehrəmdə istehsal olunur. Süd istehsalı ilə məşğul olanlar istənilən vaxt Nehrəmə üz tuta bilərlər.

Müsahibim bildirdi ki, bu gün ailə təsərrüfatçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, istehsal olunan məhsulların satışının təşkil olunması da ailə təsərrüfatlarının sayının artmasına və inkişaf etməsinə səbəb olub. Mən də uzun illərdir ki, maldarlıq təsərrüfatı ilə məşğulam. Bu sahə çox zəhmət tələb etsə də, güzəranımı təsərrüfat üzərinə qurmuşam. Ailəmin demək olar ki, bütün üzvlərini təsərrüfatıma cəlb etmişəm. Yaradılan şəraitə görə dövlətimizə minnətdarıq.

Hünər və Gündüz Babək rayonundakı zəhmətkeş, əməksevər ailə təsərrüfatına başçılıq edirlər. Onlar bu işə ailələri ilə birgə, necə deyərlər, can qoyurlar və nəticədə, qazanan da elə onların özü və həm də istehlakçılardır. İşdən qorxmurlar, torpağı sevirlər, zəhməti sevirlər, gün-güzəranlarını da elə bu sevgidən qurublar. Belə bir nəticəyə gəlmək olar ki, zəhmətkeş insansansa, ailən işgüzardırsa və ən əsası dövlət bu cür əlverişli sahibkarlıq mühitini təmin edirsə, bu yol davamlı olacaq. Hünər kimi, Gündüz kimi təsərrüfat sahiblərinin də sayı getdikcə artacaq.

                                                              Həsrət Nağıyeva

                                                 “Şərqin səhəri” qəzeti

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM