Naxçıvanda işıqfor və piyada keçidi narahatlığı: - NTV-nin ARAŞDIRMASI - VİDEO

İllərdir ki, Naxçıvan şəhərində bir sıra yol kəsişmələrində və piyada keçidlərində hərəkətin tənzimlənməsi ilə bağlı problemlər vardır. Mövzu ilə bağlı Naxçıvan televiziyasına çoxsaylı izləyici müraciətləri də daxil olur. Xüsusilə, şəhərin bir sıra küçə və prospektlərində işıqforların quraşdırılmasına və yerüstü piyada keçidlərinin tikintisinə ehtiyac vardır. NTV əməkdaşları bu barədə araşdırıblar.

Şəhərimizdə elə yollar var ki, hərəkətin intensivliyini və təhlükəsizliyini təmin edəcək zəruri vasitələrə ehtiyac duyulur. Bu barədə Naxçıvan televiziyasının sosial şəbəkə hesablarına da çoxsaylı müraciətlər ünvanlanır. Şəhər sakinləri qeyd edir ki, Əziz Əliyev küçəsi, Diaqnostika-Müalicə Mərkəzi və Dövlət Vergi Xidmətinin qarşısındakı kəsişmədə günün pik saatlarında sıxlıq müşahidə olunur. Hətta bir neçə dəfə qeyd olunan ərazidə piyada xəsarəti ilə nəticələnən qəzaların da şahidi olmuşuq.

Analoji vəziyyət Naxçıvan Şəhər İcra Hakimiyyətinin qarşısında Heydər Əliyev prospekti ilə Məmməd Səid Ordubadi küçəsinin kəsişməsində, Hüseyn Cavid və İstiqlal küçələrinin kəsişməsində, Əziz Əliyev prospektində və digər yerlərdə də müşahidə olunur. Sakinlər iddia edirlər ki, həmin ərazilərdə hərəkət işıqforlar vasitəsilə tənzimlənməli, yaxud da yerüstü piyada keçidləri inşa edilməlidir. Bildirilir ki, illərdir Cəlil Məmmədquluzadə küçəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında quraşdırılan işıqforun sarı işığı heç bir işə yaramadan yanıb sönür, ehtiyac duyulan bu cür yollarda isə işıqforlar quraşdırılmır.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasına müraciət edilib. Mövzu ilə bağlı Naxçıvan televiziyasına müsahibə verməsələr də, şifahi şəkildə bildirilib ki, vətəndaşların iddiasında olduğu həmin kəsişmələrdəki yollardan biri ikinci dərəcəli yol olduğundan işıqforun quraşdırılması müvafiq hesab edilmir. İşıqforlar yalnız eyni dərəcəli yolların kəsişməsində quraşdırılır. Hər halda bu məsələ yenə də mütəxəssislərin üzərinə düşür.

Digər bir məsələ isə ondan ibarətdir ki, bu cür intensivliyin müşahidə olunduğu şəhər yollarında təhlükəsizliyi təmin edən mühüm vasitələrdən biri də yerüstü və yeraltı piyada keçidlərinin inşasıdır. Məsələn, Əziz Əliyev prospektində, Cahan Ticarət Mərkəzinin qarşısında quraşdırılan yerüstü piyada keçidi bu ərazidə, demək olar ki, vaxtilə hər gün baş verən qəzaların qarşısını tamamilə alıb.

Şəhərimizin bir neçə yerində yeraltı və yerüstü piyada keçidləri sakinlərin və sürücülərin rahatlığını, hərəkətin təhlükəsizliyini təmin edib. Odur ki, qeyd edilən ünvanlar kimi bir çox yerlərdə də yeraltı və yerüstü piyada keçidlərinə ciddi ehtiyac var.

Mahmud Hüseynov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM