Astana Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə hazırlaşır

Astana Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə hazırlaşır

İyulun 3-4-də Qazaxıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının Zirvə Görüşünə hazırlıqlar davam edir.

NUHÇIXAN xəbər verir ki, Sammit “ŞƏT+” formatında keçiriləcək.

Toplantıda 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Sammitə Avrasiya qitəsinin müxtəlif bölgələrindən nümayəndə heyətlərinin qatılması da gözlənilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞƏT-in Zirvə Görüşünün Astanada keçirilməsinin ölkəsinin dünya arenasında böyük nüfuzundan xəbər verdiyini bildirib.

“Sammit iştirakçıları dünya birliyini yeni təhlükəsizlik paradiqmasını qəbul etməyə, ədalətli iqtisadi mühit yaratmağa və planetin təmizliyinin qorunması üçün səy göstərməyə çağıracaqlar”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Qeyd edək ki, Astana Sammiti “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər.

Bundan əlavə, Sammitdə Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.

Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.

Tədbirin keçirilməsi ilə əlaqədar ictimai nəqliyyatda, küçələrdə və insanların kütləvi toplaşdıqları yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərə giriş və çıxışda polis postları qurulub. Sammit zamanı şəhərin havadan təhlükəsizliyini təmin edəcək hərbi təyyarələr yoxlama uçuşları həyata keçirir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM