Hakan Fidan Dəməşqdə Suriya ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Hakan Fidan Dəməşqdə Suriya ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazımi yardımı göstərməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Ümid edirəm ki, ölkəniz üçün ən çətin və qaranlıq dövr arxada qalıb. Dəməşqdəyəm ki, türk xalqı, türk dövləti və prezidentimiz Rəcəb Tayyib Ərdoğan hər zaman sizin yanınızda olacaq. Bu qələbə yalnız sizəə məxsusdur, başqa heç kimə. Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazım olan bütün yardımı göstərməyə hazırdır. Son danışıqlarda biz Suriyada sabitliyin yaradılmasının əsas prioritet olduğunu vurğuladıq.

Buna nail olmaq üçün ölkədə təhlükəsizliyi, qanunun aliliyini və azlıqların müdafiəsini təmin etmək lazımdır. Bütün dini və etnik qrupları əhatə edən inklüziv idarəçilik yaratmaq lazımdır. Hər kəsin sülh içində yaşadığı və ədalətin hökm sürdüyü bir ölkə qurmaq yeni Suriyanın ən böyük nailiyyəti və gələcəyinin təminatı olacaq. Türkiyə olaraq biz dövlət qurumlarında və biznesdə islahatlara dair təcrübəmizi bölüşməyə hazırıq. Prezidentimiz bununla bağlı bütün strukturlara lazımi tapşırıqlar verib”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ölkənin yenidən qurulması maraqlarına uyğun olaraq ləğv edilməlidir: “Bu gün beynəlxalq ictimaiyyət, xüsusən də region ölkələri Suriyanın dirçəlməsi və milyonlarla köçkünün öz ölkələrinə qayıtması üçün səfərbər olmalıdır. Suriyada əvvəlki rejimə qarşı tətbiq edilən bütün sanksiyalar tez bir zamanda ləğv edilməlidir. İnvestisiya, maliyyələşdirmə, infrastruktur xidmətləri, səhiyyə və təhsil xidmətləri mümkün qədər tez təmin edilməlidir. Qaçqınların geri qayıtması üçün Suriyada yenidənqurma işlərinə təcili başlamaq lazımdır”.

Fidan əlavə edib ki, o, yeni Suriya rəhbərliyinin bu istiqamətdə işləmək üçün güclü iradəsini və əzmini görüb, lakin bunun beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var.

Nazir vurğulayıb ki, Suriyada mövcud olan PKK və digər terror təşkilatları tərksilah olunmalıdırlar: “Bugünkü görüşdə biz terrorizmlə mübarizə məsələsində ümumi mövqeyimizi təsdiqlədik. Bir daha vurğulamaq istərdim ki, PKK və YPG-nin Suriyada qətiyyən yeri yoxdur. Bu terror təşkilatları Suriya xalqının torpaqlarını işğal edərək təbii sərvətlərini oğurlayırlar. Bu qruplar tez bir zamanda tərksilah edilməlidir. Terrorla mübarizədə Suriya xalqına ən qəti yardımı göstərməyə hazırıq”.

Fidan əlavə edib ki, bu yardım həm də “İŞİD” terror qruplaşması ilə mübarizədə yardımı da əhatə edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM