Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının iclası işə başlayır.
NTV xəbər verir ki, Aİ rəhbərliyi və İttifaqa üzv ölkələrin dövlət və hökumət başçıları iclasda Ukrayna, növbəti çoxillik maliyyə çərçivəsi, genişlənmə və Aİ-nin geoiqtisadi vəziyyətinə dair strateji mövzularda müzakirələr aparacaqlar. İclasın gündəliyinə Yaxın Şərq, Avropanın müdafiəsi və miqrasiya məsələləri də daxil edilib.
Avropalı liderlər oktyabrda keçirilmiş sonuncu iclasda Ukraynanın 2026-2027-ci illərdəki maliyyə ehtiyaclarının, o cümlədən hərbi və müdafiə sahəsində tələblərinin ödənməsi ilə bağlı götürdükləri öhdəliyin icra yollarını müzakirə edəcəklər. Xüsusilə Ukraynaya güclü və etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi, ədalətli və davamlı sülhün təmin edilməsi üçün rəsmi Kiyevin danışıqlarda mövqeyinin gücləndirilməsi, Rusiyaya təzyiqi artırılması və Avropanın maraqlarını qorunması imkanları diqqət mərkəzində saxlanılacaq.
İclasda, həmçinin Aİ-nin növbəti çoxillik maliyyə çərçivəsi üzrə əldə olunmuş irəliləyiş, İttifaqın genişlənməsi, bəzi namizəd ölkələrin irəliləyişləri və genişlənmə strategiyasının gələcək istiqaməti müzakirə ediləcək.
Liderlər geoiqtisadi vəziyyət və onun Aİ-nin rəqabət qabiliyyətinə təsiri barədə də fikir mübadiləsi aparacaqlar. Xüsusilə artan geoiqtisadi rəqabət və qaydalara əsaslanan iqtisadi münasibətlərdə dəyişikliklər fonunda əsas üç məsələ - Aİ-nin xarici iqtisadi və siyasi təzyiqlərdən qorunması, Aİ-nin ticarət gündəliyinin sürətləndirilməsi, eləcə də strateji müstəqillik və rəqabətqabiliyyətli iqtisadiyyatların təşviqi diqqət mərkəzində saxlanılacaq.
