Bu gün İranın iki şəhərində partlayışlar baş verib, ölən və yaralananlar var.
NTV xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
"Mashregh" nəşrinin məlumatına əsasən, İranın qərbində yerləşən Əhvaz şəhərində baş verən partlayış nəticəsində dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb. Qeyd olunur ki, xilasedicilər dağıntılar altından sağ qalan azyaşlını çıxara biliblər.
"Tasnim News" yazır ki, Bəndər-Abbas limanında yaşayış binasında baş verən partlayışda bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.
17:19
Bu gün İranın Bəndər-Abbas şəhərində qeydə alınan partlayışın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Əlirza Təngsiriyə qarşı sui-qəsd cəhdi zamanı baş verməsi barədə məlumatlar həqiqətə uyğun deyil.
NTV xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Bəndər-Abbasda partlayışdan sonra sosial şəbəkələrdə guya Ə.Təngsirinin sui-qəsd hədəfinə çevrilməsi barədə xəbərlər yayılmağa başlayıb: "Məlumatlı mənbəmiz Bəndər-Abbasda baş verən hadisə nəticəsində Əlirza Təngsirinin öldürülməsi barədə şayiələri təkzib edib".
16:25
İranın Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib.
NTV xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.
Bildirilib ki, partlayış səkkizmərtəbəli binada baş verib. Nəticədə iki mərtəbə, bir neçə nəqliyyat vasitəsi və mağazalar dağılıb.
Hadisə yerinə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.
Digər təfərrüatlar açıqlanmayıb.
